...

İTS ilə əməkdaşlıq edən özəl tibb müəssisələrinin sayı məlum olub

Gündəm Materials 7 Aprel 2025 10:53 (UTC +04:00)
İTS ilə əməkdaşlıq edən özəl tibb müəssisələrinin sayı məlum olub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 180-dən çox özəl tibb müəssisəsi ilə müqavilə bağlanılıb.

Trend xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir.

Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilərlər. Göndəriş verilən zaman və ya sonrasında konkret tibb müəssisəsinə yönləndirilmə kimi hallara yol verilməməlidir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur.

Belə ki, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə pasiyentə SMS-lə birdəfəlik kod göndərilir. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunur. SMS-i aldıqdan sonra vətəndaş 3 vasitə ilə özəl xəstəxana arasından seçim edə bilər.

Bundan əlavə, vətəndaşların nəzərinə çatdırırıq ki, özəl tibb müəssisələrində xidmət almaq üçün SMS mətndə sizə təqdim olunan göndəriş kodu fərdi məlumatdır. Bu kod yalnız müraciət edəcəyiniz özəl xəstəxanaya təqdim olunmalıdır.

"Göndəriş əsasında özəl xəstəxanaya müraciət etdiyiniz zaman icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlər üçün əlavə ödəniş edilməməlidir. Vətəndaşa göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən həmin xəstəxanaya ödənilir. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edildiyi halda isə pasiyent həmin xidmətin dəyərini xəstəxanaya öz vəsaiti hesabına ödəyir.

Vətəndaşların göndəriş əsasında özəl tibb müəssisələrində xidmət almaları barədə tam və düzgün məlumatlı olmaları onların icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən maneəsiz və effektiv şəkildə yararlanmaları üçün mühüm əhəmiyyət kəsb edir. Bu həm də sui-istifadə hallarının qarşısının alınması və pasiyent hüquqlarının qorunması baxımından vacibdir.

Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin siyahısı ilə tanış olmaq üçün https://its.gov.az/ saytına keçid edə, əlavə suallarınız yaranarsa, 1542 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti