...

“Dərnəgül” elektrik deposunda 1000-ə yaxın ağac əkiləcək

Cəmiyyət Materials 7 Aprel 2025 10:57 (UTC +04:00)
“Dərnəgül” elektrik deposunda 1000-ə yaxın ağac əkiləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Xətlərin ayrılması layihəsi çərçivəsində “Dərnəgül” elektrik deposunun inşasının tamamlanması ilk mühüm vəzifələrdəndir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-in Strateji inkişaf departamentinin rəisi Nərgiz Mustafayeva deyib.

O bildirib ki, bu məqsədlə deponun baş planı hazırlanıb.

“Həmçinin depo layihəsinə daxil olan ərazidə ətraf mühitə təsirlərin qiymətləndirilməsi aparılıb. Burada qorunan və ya özəl obyektlər, tarixi əhəmiyyətli tikililər mövcud deyil. Yarımsəhra torpaq təbəqəsinə malik ərazidən istifadə zamanı neqativ təsirlərin olması gözlənilmir. Tikintinin norma və qaydalarına əsasən, depolarda sahələr üzrə obyektlərin yerləşdirilməsi qanunauyğunluğu mövcuddur. Mailliyin olmaması da xüsusi şərtlərdəndir. Bu səbəbdən layihə ərazisində yerləşən ağacların mütləq əksəriyyətinin köçürülməsi zərurəti yaranıb.”

Departament rəisi qeyd edib ki, qanunvericiliyin tələbinə uyğun olaraq, sahədəki ağacların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmış prosedurlar əsasında həyata keçiriləcək.

“Yaşıllıq üzrə mütəxəssislər və ETSN əməkdaşları ilə aparılan tədqiqatlar nəticəsində ağacların mövcud durumu, layihənin yaşıllaşdırma dizaynına uyğun ağacların vəziyyəti və köçürülmə imkanları, qaydaları öyrənilib və mərhələli köçürmə prosedurları razılaşdırılıb.

Deponun baş planında obyektlərin yerləşmə sahələri və layihə sahəsindəki ağacların yerləşməsi yerlərinin analizi aparılıb. Ağacların xidmət sahələrinin tikiləcəyi ərazidə yerləşmədiyi müəyyən olunub. Ağaclar yalnız qatarların sınaq yolu və sıfır mailliyin yaradılmalı olduğu sahələrdədir. Qiymətləndirmənin ən mühüm və müsbət nəticəsinə görə ərazidə yaşıllığa ziyan gəlməyəcək. Ən əsası, ağaclar yetişdiyi mühit daxilində köçürüləcək.

Aparılmış inventarizasiyaya görə, hazırda depo ərazisində küknar, murdarça, şam, qovaq, söyüd, çinar, tut, göyrüş, zeytun növlərinə aid, ümumilikdə 464 ağac mövcuddur. Monitorinq nəticələri göstərir ki, ərazidə nadir və nəsli kəsilməkdə olan, eləcə də köçürülməyə həssas ağac növləri yoxdur. Həmçinin köçürülmə depo daxilində eyni torpaq təbəqəsində aparalıcağından fəsadsız başa gələcək.

Layihə sahəsində ağacların vəziyyəti mütəxəssislərin iştirakı ilə qiymətləndirilib. Bunadək qurumuş və mütəxəssislərin rəyinə əsasən, qurumaqda olan ağacların götürülməsi zamanı müvafiq standartların tələblərinə ciddi şəkildə əməl olunacaq.

“Dərnəgül” elektrik deposunda ümumilikdə müasir görünüşlü abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Yeni yaşıllıqların salınması zamanı məhz köçürüləcək ağaclardan da istifadə olunacaq. Çəmənliklərin və kol bitkilərinin salınması zamanı 1000-dək ağac və kolun əkilməsi nəzərdə tutulub. Bu tədbirlər həm ərazinin ekoloji tarazlığının gücləndirilməsi, həm də işçilərin asudə vaxtı, əmək və iş şəraitinin təşkili tədbirlərinin tərkib hissəsidir.

İnşaat işlərinin ilk mərhələsindən yaşıllıq zonalarının salınması və ən əsası, ağaclara vaxtında aqrotexniki qulluğun göstərilməsi, həmçinin müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulub.
Bu işlərə tikintiyə hazırlıq dövründə başlanılıb və deponun giriş sahəsində 22 sərv ağacı əkilib. Depo ərazisində, ümumilikdə 1000-ə yaxın ağacın, 326 kvadratmetr sahədə mövsümlük güllərin əkilməsi və 18 min kvadratmetr çəmənlik salınması nəzərdə tutulur.

“Dərnəgül” elektrik deposunda görüləcək tədbirlər mikromühitin yaxşılaşdırılmasına, ekoloji mühitin zənginləşdirilməsinə xidmət göstərəcək. Yaşıllıqların salınması, habelə sağlamlıq, ətraf mühitin mühafizəsi, əməyin təhlükəsizliyi parametrləri üzrə ən yüksək standartların tətbiqi gələcəkdə depo və onun yerləşdiyi bütün ərazidə müsbət dinamik inkişafa təkan verəcək”,-deyə o qeyd edib.

Qeyd edək ki, 2022-ci ildə istifadəyə verilmiş “Xocəsən” elektrik deposunun ərazisində çirkab və tullantıların təmizlənərək yerində ağacların əkilməsi, yaşıllıqların salınması ekologiyaya verilmiş töhfələr kimi nümunə hesab oluna bilər. Vaxtilə antisanitariya vəziyyətinin hökm sürdüyü, bataqlıq, çirkab, tullantıların ekoloji tarazlığa neqativ təsir göstərildiyi ərazidə biomühitin yaxşılaşdırılması Xocəsən qəsəbəsinin şimal hissəsində tamamilə fərqli mənzərə yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti