Bakı. Trend:
Bakıda "Daha "yaşıl gələcəy"ə innovativ yollar: bərpa olunan enerji və emissiyaların azaldılması" mövzusunda tədbir keçirilib.
Trend xəbər verir ki, tədbir ADA Universiteti, Macarıstan və Çexiya Respublikalarının Azərbaycandakı səfirliklərinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma, Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek, ADA universitetinin prorektoru Fariz İsmayılzadə, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda maliyyə məsələləri üzrə vitse-prezidenti Kolin Allan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev, elecə də media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, son iki əsrdə çox ciddi ekoloji disbalans yaranıb.
O qeyd edib ki, bu gün dünyada əsas çağırışlardan biri "yaşıl gələcək" mövzusudur.
"Bu çağırışda əsas səbəb odur ki, son iki əsrdə çox ciddi ekoloji disbalans yaranmışdır. Müharibələr, sənaye və nəqliyyat tullantıları və s. məsələlər ekoloji tarazlığı pozmuşdur. Bu gün bəşəriyyəti narahat edən ən böyük məsələ iqlim dəyişikliyi məsələsidir. Son 100 ildə Yer kürəsində temperatur təqribən 0,8 dərəcə artmışdır. Buna səbəb istilik effekti yaradan qazlardır. Ona görə də "yaşıl iqtisadiyyat prinsipləri əsasında davamlı inkişafın təmin edilməsi mühüm önəm kəsb edir. Hər bir ölkənin "yaşıl iqtisadiyyat"a, "yaşıl enerji"yə keçidi tekcə enerji təhlükəsizliyi baxımından deyil, siyasi və strateji cəhətdən də böyük önəm daşıyır", - komitə sədri əlavə edib.
Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov isə qeyd edib ki, "Boston Consulting Group" "Azərbaycan-Türkiyə Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırması üzərində işləyir.
Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırmanın iki komponenti mövcuddur:
""Naxçıvanda Yaşıl Enerji Zonası" və Azərbaycan-Türkiyə intekonnektoru". Bu layihə regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini dəstəkləyən bir addımdır.
Həmçinin Naxçıvanda yüksək bərpa olunan enerji potensialı və yüksək gəlirlilik vardır. Bölgənin texniki potensialı 21-29 giqavat qiymətləndirilir".
Əlavə olaraq Macarıstanın Azərbaycandakı səfiri Tomaş Torma vurğulayıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
"Biz Azərbaycana təkcə Mərkəzi Avropanın deyil, bütövlükdə bütün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkə kimi baxırıq. Ona görə də biz təkcə neft və təbii qaz sahəsində deyil, həm də Gürcüstan, Rumıniya və Bolqarıstanla birlikdə Avropada “yaşıl” enerji üzrə ən böyük sazişi – “yaşıl” enerji dəhlizini işləyib hazırlayırıq", - o bildirib.
MVM Group-un baş direktoru Karoli Matray isə diqqətə çatdırıb ki, Azərbaycandan “yaşıl” dəhliz vasitəsilə elektrik enerjisinin idxalı Macarıstan üçün elektrik enerjisinin qiymətlərinin aşağı düşməsinə kömək edə bilər.
"Biz öz təcrübəmizi Azərbaycanla bölüşmək istərdik. Biz həm də ölkənin bərpa olunan enerji sektorunda iştirak etməkdə maraqlıyıq, çünki regionda çoxlu biznes imkanlarını görürük. Yaşıl dəhliz layihəsinə gəlincə, Macarıstan nöqteyi-nəzərindən bu, son dərəcə mühüm təşəbbüsdür"", - o bildirib.
Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçek də öz növbəsində qeyd edib ki, Davamlı inkişaf üçün praktiki yanaşmaların tapılması vacibdir.
"Bizim rolumuz innovativ ideyaları davamlı inkişafa praktik yanaşmalara çevirməkdir. Fəaliyyət göstərməsək, ciddi nəticələrlə üzləşə bilərik.
Bugünkü tədbirin məqsədi bu mövzunu daha dərindən dərk etmək və yaradıcı həll yollarını stimullaşdırmaqdır", - o deyib.
Daha sonra “SOCAR Green” şirkətinin direktoru Elmir Musayev çıxış edərək bildirib ki, “SOCAR Green” fəaliyyətlərinin karbonsuzlaşdırılması üzrə əməkdaşlıq məqsədilə Azərbaycanda sənaye sektorunun nümayəndələri ilə danışıqlar aparır.
"Bizim başqa bir istiqamətimiz də binaların və tikililərin karbonsuzlaşdırılmasında SOCAR-a dəstəkdir. Biz tələbatları daha yaxşı anlamağımız üçün hasilatdan tutmuş, emal və satışa kimi bütün səviyyələrdə SOCAR-ın bütün bölmələri əməkdaşlıq edir və fəaliyyətimizi əlaqələndiririk. SOCAR-ın neft-qaz obyektlərinin karbonsuzlaşdırılması məqsədilə həyata keçirəcəyimiz bir sıra kiçik layihələrimiz var ki, onlar hazırda hazırlıq mərhələsindədir", - deyə o bildirib.
“Škoda Group”un Mərkəzi Asiya və Cənubi Qafqazda satışlar üzrə vitse-prezidenti Roman Sorkin isə öz növbəsində vurğulayıb ki, “Škoda” minimum yatırımla nəqliyyat sektorunun müasirləşdirilməsi üzrə Azərbaycanla dialoq aparır.
“Hazırda biz iki mühüm layihəni həyata keçirməkdəyik: Bakı metropoliteninin müasirləşdirilməsi və şəhərkənarı dəmiryolu nəqliyyatının hərəkət tərkibinin yenilənməsi. Karbonsuzlaşdırma əhalinin şəxsi avtomobillərdən daha dayanıqlı nəqliyyat növlərinə - məsələn, şəhərkənarı qatarlara keçidi ilə bilavasitə bağlıdır”, - deyə o bildirib.