Bakı. Trend:
Bakıda I Beynəlxalq Kredit Hesabatlılığı Konfransı keçirilir.
Trend xəbər verir ki, “Məlumatdan Qərarlara: Kredit Bürolarının Gələcəyi” mövzusuna həsr olunmuş bu beynəlxalq tədbirdə kredit məlumatı təminatçıları, maliyyə qurumlarının rəhbərləri və beynəlxalq ekspertlər çıxış edəcək, həmçinin kredit riski, süni intellekt, məlumat idarəçiliyi və rəqəmsal identifikasiya kimi aktual məsələlər müzakirə olunacaq.
Konfrans çərçivəsində Mərkəzi Bank rəhbərliyinin və bank sektorunun nümayəndələrinin açılış çıxışları, Azərbaycan Kredit Bürosunun təqdimatları, regional və beynəlxalq kredit bürolarının təcrübəsi, ACIPE təşkilatının fəaliyyəti və əməkdaşlıq imkanları təqdim ediləcək.
Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev konfransda çıxış edərək bildirib ki, getdikcə daha da rəqəmsallaşan və ciddi inteqrasiya prosesi keçən maliyyə sektorunda kredit hesabatlığı sistemlərinin strateji rolu artıq ənənəvi skorinq formatından çox kənara çıxıb. Bu gün kredit büroları bank-maliyyə sistemi də daxil olmaqla ümumi informasiya infrastrukturunun əsas sütunlarından birini təşkil edir.
O bildirib ki, makroprudensial baxımdan kredit büroları kredit riskinin idarə edilməsi mexanizmi olaraq kredit bazarlarında informasiya assimetriyasını və defolt ehtimallarını azaltmaqla məsuliyyətli kreditləşməyə xidmət edir:
"Həmçinin, kredit büroları mərkəzi banklar və tənzimləyici orqanlar üçün makro-prudensial analiz, stress-testləşdirmə, kontr-tsiklik siyasət tədbirlərinin implementasiyası, IFRS 9, Basel III və digər platformalar çərçivəsində risk modellərinin tərtibi baxımından mühüm əhəmiyyət kəsb edir və ümumilikdə maliyyə sabitliyinə töhfə verir.
Növbəti olaraq, qeyd olunmalıdır ki, kredit büroları, maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biri kimi çıxış edir. Əgər əvvəlki dövrlərdə bu, əsas etibarilə, əhalinin və biznesin kredit tarixçələrinin formalaşdırılması və anderraytinq sistemlərində nəzərə alınması yolu ilə maliyyə əlçatanlığına töhfə verirdisə, müasir zamanda daha mütərəqqi inteqrasiya metodları bu imkanları dəfələrlə genişləndirib".
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev isə bildirib ki, 2024-cü ildə bank sektorunun aktivləri 2018-ci illə müqayisədə 80% artaraq, 53 milyard manata çatıb. Bugünkü kredit portfelimizin həcmi son 7 ildə 125% artaraq, 29,3 milyard manat təşkil edib.
"Dövr ərzində vaxtı ötmüş kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalıb. Belə ki, 2018-ci illə müqayisədə bu kreditlərin həcmi 72% azalaraq, 449 milyon manata bərabər olub", - deyə Z.Nuriyev bildirib.
Əlavə olaraq ACIPE İdarə Heyətinin sədri, Qazaxıstanın First Credit Bureau (FCBK) rəhbəri Ruslan Omarov qeyd edib ki, sabah hamımız birgə olaraq kredit məlumatlarının mübadiləsi və qarşılıqlı anlaşmaya dair memorandum imzalayacağına ümid edir
O bildirib ki, kredit büroları öz ölkələrində artıq sistemqurucu şirkətlərə çevriliblər:
"Onlar özlərində maliyyə sektorunun inkişafı üçün vacib olan çoxlu məlumat toplayırlar. Bununla da biz, yəni kredit büroları, maliyyə institutları arasında müəyyən bir etimad zonası qururuq ki, bu məlumatları maliyyə təşkilatları arasında sərbəst şəkildə paylaşmaq mümkün olsun.
Artıq qeyd olunduğu kimi, kredit məlumatı maliyyə şəffaflığının və maliyyə inklüzivliyinin təməlidir. Biz bu məlumatların aktuallığını başa düşməliyik, həmçinin, onu yayılmadan, xüsusilə kredit məlumat bazarının iştirakçısı olmayan tərəflərə açıqlanmasından qorumağa borcluyuq".
Xəbər yenilənəcək