Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında Seminar, Treninq və Simulyasiya Mərkəzinin layihələndirilməsi cari il ərzində tamamlanıb, yaxın iki il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulur.
Trend xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi xidmətin təşkili şöbəsinin müdiri Səmayə İbrahimova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasında Seminar, Treninq və Simulyasiya Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsədi tibb işçilərinin ixtisas bacarıqlarına yiyələnməsi, praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, yeni bacarıqların mənimsənilməsidir.
"Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlığı Mərkəzi publik hüquqi şəxsin yeni binasının tikinti və təmir işləri mərhələli şəkildə həyata keçirilir. Tikinti sahəsində bütün söküntü işləri başa çatdırılmış, arakəsmə divarlarının inşası tamamlanmış, müxtəlif sahələrdə ilkin hamarlama və suvaqaltı işlər aparılmışdır. Tikinti prosesi podratçı təşkilat tərəfindən təsdiqlənmiş iş qrafikinə uyğun davam etdirilir" - deyə Səmayə İbrahimova əlavə edib.