...

"JP Morgan" Yaxın Şərqdə davam edən gərginlik fonunda Asiya iqtisadiyyatlarının üzləşdiyi risklər barədə yazıb

Energetika Materials 23 İyun 2025 16:30 (UTC +04:00)
"JP Morgan" Yaxın Şərqdə davam edən gərginlik fonunda Asiya iqtisadiyyatlarının üzləşdiyi risklər barədə yazıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə, xüsusilə İsrail ilə İran arasında artan geosiyasi gərginlik fonunda neft qiymətlərinin yüksəlməsi Asiya ölkələrinin iqtisadiyyatlarında inflyasiya təzyiqlərinin artmasına və xarici iqtisadi göstəricilərin pisləşməsinə səbəb ola bilər.

Bu barədə Trend “JP Morgan” analitik yazısına istinadən xəbər verir.

Son iki həftə ərzində neftin qiyməti 15 faizdən çox artaraq bir barel üçün 65 dollardan 75 dollara yüksəlib. Bu, bazarların münaqişənin daha da gərginləşməsi risklərin olan reaksiyasının nəticəsidir.

JP Morgan-ın xammal bazarları üzrə analitiklərinin araşdırmasında deyilir: “Hazırda bazarlar İranın Hörmüz boğazını bağlayacağına dair təqribən 17 faiz ehtimal nəzərə alır. Enerji resurslarının qlobal axınlarında boğazın strateji rolunu nəzərə alaraq, nəqliyyatın hər hansı pozulması əhəmiyyətli və uzunmüddətli neft şokuna səbəb ola bilər”.

Hörmüz boğazından dünya üzrə bütün dəniz yolu ilə həyata keçirilən neft ticarətinin təxminən 30 faizi və qlobal mayeləşdirilmiş təbii qaz (MTQ) təchizatının 20 faizi keçir. Bu enerji daşıyıcılarının əhəmiyyətli hissəsi Hindistan, Çin, Yaponiya, Cənubi Koreya və ASEAN ölkələri kimi enerjidən asılı Asiya iqtisadiyyatlarına yönəlib.

“Geosiyasi riskə görə qiymət artımı yenidən gündəmə gəlib. Lakin hazırkı gərginliyə baxmayaraq, bizim əsas ssenarimiz Brent markalı neftin qiymətinin 2025-ci ildə 66 dollara, 2026-cı ildə isə 58 dollara qədər tədricən enəcəyini nəzərdə tutur”,- analitiklər qeyd edirlər.

Bununla belə, “JP Morgan” xəbərdarlıq edir ki, ən pis ssenari Hörmüz boğazının tamamilə bağlanması və genişmiqyaslı regional münaqişə baş verərsə, neftin qiyməti bir barel üçün 120–130 dollaradək qalxa bilər ki, bu da Asiya ölkələri üçün ciddi makroiqtisadi risklər yaradacaq.

“Belə bir vəziyyət enerji daşıyıcılarının idxalçısı olan ölkələr üçün real fəsadlara yol aça bilər. Lakin neft qiymətlərinin artmasının inflyasiyaya təsiri ölkədən ölkəyə dəyişəcək”.

“JP Morgan”ın hesablamalarına görə, Brent markalı neftin qiymətində davamlı olaraq 10 dollar artım inflyasiyanın ölkədən asılı olaraq 0,1–0,5 faiz bəndi səviyyəsində yüksəlməsinə səbəb ola bilər. Orta təsir 0,2 faiz bəndi səviyyəsində qiymətləndirilir.

“Filippin və Tailand kimi ölkələrdə dünya üzrə neft qiymətlərinin artması yanacağın istehlak qiymətlərinə daha sürətlə təsir göstərir”, – analitiklər izah ediblər.

Bu arada Hindistan, İndoneziya və Malayziyada isə yanacaq subsidiyaları mexanizmləri və neft emalı zavodlarının xammalın qiymət artımını kompensasiya etmək imkanları sayəsində daxili qiymətlərə təsirin məhdud olacağı gözlənilir.

“Həmin sistemlərdə müəyyən dayanıqlılıq səviyyəsi mövcuddur", – hesabatda bildirilir.

Bu sistemlər neftin qiymətinin kəskin artdığı dövrlərdə, məsələn, 2022-ci ilin birinci yarısında da effektivliyini sübut edib.”

Neftin qiymət artımına baxmayaraq, əksər Asiya ölkələrinin pul-kredit siyasəti yumşaq olaraq qalır. Bu da inflyasiyanın nəzarət altında saxlanması və iqtisadi artımın zəif olması ilə bağlıdır.

“Biz hesab etmirik ki, neftin qiymətində son $10 artım Asiyada faiz dərəcələrinin azaldılması dövriyyəsinə ciddi təsir edəcək, Gözləntilərə görə, inflyasiya əksər mərkəzi bankların hədəf diapazonlarında qalacaq.”, -deyə analitiklər bildiriblər.

Bununla belə, “JP Morgan” dörd həssas iqtisadiyyatı qeyd edir – Cənubi Koreya, Malayziya, İndoneziya və Sinqapur. Neftin bir bareli üçün qiymət $75–90 aralığında qaldıqda bu ölkələrdə inflyasiya hədəf göstəricilərini aşa bilər və bu da mərkəzi bankların stimullaşdırıcı tədbirlər görmək imkanlarını məhdudlaşdıra bilər.

“Regionun digər ölkələri – Hindistan, Çin, Filippin, Tailand, Tayvan və Honqkonq üçün neft qiymətlərinə qarşı ‘ağrı həddi’ $100 və ya daha yuxarı səviyyədə qiymətləndirilir”, – hesabatda bildirilir.

“JP Morgan”ın fikrincə, enerji daşıyıcılarının qiymət artımı neft idxal edən ölkələrdə cari hesab balansının kəsirinin artmasına səbəb ola bilər. Lakin valyuta riskləri hələlik məhdud hesab olunur.

“Hazırda ABŞ dollarının zəif məzənnəsi valyuta bazarlarına təzyiqi səngidir”, – analitiklər qeyd edirlər.

Ən həssas ölkələr arasında İndoneziya fərqlənir. Orada valyuta ehtiyatlarının həcmi nisbətən azdır. Buna baxmayaraq, ekspertlərin fikrincə, İndoneziya Bankı kursun sabitliyini qorumaq üçün kifayət qədər alətlərə malikdir.

“Tənzimləyici orqan rupi məzənnəsinin dəyişkənliyini yumşaltmaq üçün daxili valyuta likvidliyindən, o cümlədən svop əməliyyatlarından istifadə edə bilər”, – JP Morgan-ın hesabatında qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti