Bakı. Trend:
Artıq bir müddətdir ki, davam edən İran-İsrail münaqişəsi Yaxın Şərqdə bir çox sahələrə təsirsiz ötüşməyib. Bu sahələrdən biri də logistika sahəsidir. Münaqişə nəticəsində logistika yolları təhlükə altında olduğu üçün alternativ yollar müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, İran-İsrail münaqişəsi bölgənin logistikasına birbaşa təsir edir:
“Bu hava dəhlizlərində daha çox hiss olunur. Quru dəhlizlərində isə İranın 46 il sanksiya altında olması, nəqliyyat infrastrukturunun, xüsusən də dəmiryol nəqliyyatının orta sürətinin aşağı olması və qonşu ölkələrlə zəif əlaqələr səbəbindən böyük nəqliyyat axını müşahidə edilmirdi. Son bir ildə isə bu sahəyə maraq artmağa başlamışdı. Düşünürəm ki, münaqişənin yekun nəticəsindən sonra vəziyyətə daha dolğun qiymət vermək mümkün olacaq. Ancaq şübhəsiz ki, bu hadisələr təsirsiz ötüşməyəcək”.
O qeyd edib ki, bu il İnkişaf Yolu layihəsinin birinci fazası, İraqdakı Əl-Fav limanının istiadəyə verilməsi nəzərdə tutulub:
“Bu, Fars körfəzindən İraqdakı limana, oradan İraq ərazisi vasitəsilə Türkiyə üzərindən şimal-cənub nəqliyyat dəhlizinə yeni bir alternativin formalaşmasına, Bakı-Tbilisi-Qars dəmiryolu ilə şimal-qərb marşrutunun inkişafına və orta dəhlizlə inteqrasiyasına gətirib çıxarır. Bunun nəticəsində, Mərkəzi Asiya ölkələri sanksiya altına düşməyən ölkələr üzərindən Fars körfəzinə yükdaşıma imkanları əldə edir və eyni zamanda Fars körfəzi istiqamətində bizim regiona yükdaşıma şansı yaranır. Düşünürəm ki, bölgə transformasiya olunur və hər bir risk eyni zamanda yeni fürsətlər yaradır”.
Ekspertin sözlərinə görə, əsas məsələ odur ki, bölgədə icra etdiyimiz layihələri vaxtında icra edilsin:
“Mümkün nəqliyyat axınlarını üzərimizə cəlb etməyi bacarmalıyıq. Bu axınları cəlb etmək üçün infrastrukturumuz mükəmməl səviyyədə olmalıdır. Artan yük tələbi qarşılanacaq səviyyədə qurulmalıdır ki, qitələri əlaqələndirən daşımaların faydalarından biz də yararlana bilək. Burada İranın şimalında yerləşən ölkələrin, xüsusilə Bakı-Türkmənbaşı limanlarının əhəmiyyəti daha da artacaq. İlk dəfə olaraq Çinin blok qatarı Almaata, Taşkent və Aşqabadı keçərək Türkmənbaşı limanına, oradan isə Bakıya gələcək. Bu isə orta dəhlizə marağın artdığını və alternativ dəhlizlərin gündəmdə olacağını göstərir. Bu, bir rəqabətdir və bu rəqabətdə qalib gələcək ölkə daha uğurlu olan, daha çox trafiki özünə cəlb edə bilən və həmin trafiki qarşılayacaq infrastruktura sahib olandır. Bu, həmçinin bir komanda işidir. Mərkəzi Asiya, Cənubi Qafqaz və Anadolu arasında birlikdə görüləcək layihələrin yekun nəticəsi olaraq yaxın 5 il ərzində artım dinamikası müşahidə ediləcək. İstənilən risklərə rəğmən, biz indidən alternativ yollar barədə düşünməli və bu istiqamətdə aktiv işlər görməliyik”.