Bakı. Trend:
İranın buraxdığı ballistik raketlərdən biri İsrailin cənubunda strateji infrastruktura tuş gələrək, bir sıra qəsəbələrdə elektrikin verilişində pozuntulara yol açıb.
Trend xəbər verir ki, bu haqda İsrail Elektrik Korporasiyası (IEC) bəyanat yayıb.
“Texniki heyətlərimiz elektrik təhcizatının ən qısa zamanda bərpa olunması məqsədilə bir neçə məntəqəyə yollanıblar. Əməliyyatlara infrastrukturun təmiri və təhlükəsizlik risklərinin aradan qaldırılması daxildir və bu işlər təhlükəsizlik qüvvələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir", – deyə IEC bildirir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.