Bakı. Trend:
Regionda baş verən hadisələr fonunda İranın Rusiya ilə koordinasiyası əhəmiyyət kəsb edən məsələdir.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi Moskvada İran KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, onun Moskvaya səfəri öncədən tənzimlənib. Belə ki, İstanbul səfərindən sonra Moskvaya səfər etməli və İsrailin İrana hərbi hava hücumları və regionu hədələyən məsələlər haqda Rusiya prezidenti Vladimir Putinlə görüş təşkil olunmalı idi.
Araqçi deyib ki, hazırda da İranın ABŞ-nin hücumlarına məruz qaldığı bir vaxtda, təbii ki, müzakirələr daha geniş çərçivədə aparılacaq.
İranlı nazir deyib ki, ABŞ-nin hücumu mütləq şəkildə qınanmalı təcavüzdür. İran ötən gün bu hücumu ən sərt şəkildə qınayan Rusiyanın mövqeyini alqışlayır. Ümid olunur ki, BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq dairələrdə də praktiki addımlar atılacaq.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.