Bakı. Trend:
Almaniyanın paytaxtı Berlində gənclər arasında keçirilən cüdo üzrə Avropa Kuboku yekunlaşıb.
Trend xəbər verir ki, yarışın son günü milli komandamızın 4 üzvü fəxri kürsüyə qalxaraq medallar əldə edib.
-90 kq çəki dərəcəsində Azərbaycan finalı yaşanıb: Tuncay Şamil qızıl, Aslan Kotsoyev isə gümüş medala sahib olub.
-81 kq çəkidə Süleyman Şükürov və +100 kq çəkidə Ramazan Əhmədov bürünc medalları qazanıblar.
Ötən gün isə Nihad Məmişov (-60 kq), Məhəmməd Musayev (-66 kq), Əbil Yusubov (-73 kq) gümüş, Nizami İmranov (-66 kq) və Mehdi Cəfərov (-73 kq) isə bürünc medala layiq görülüblər.
Beləliklə, Azərbaycan yığması ümumilikdə 1 qızıl, 4 gümüş və 4 bürünc medal qazanaraq 34 ölkə arasında medalların sayına görə kişilər arasında birinci, ümumi komanda hesabında isə üçüncü yeri tutub.