Bakı. Trend:
22 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici
İşlər Nazirləri Şurasının 51-ci sessiyasında iştirakı çərçivəsində
Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər
naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib ki,
görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığından irəli gələn
məsələlər, ikitərəfli, çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif
aspektləri müzakirə olunub.
Ali və yüksək səviyyədə qarşılıqlı səfər və təmasların
dövlətlərarası əlaqələrimiz üçün möhkəm bünövrə rolunu oynadığına
dair həmfikirlik ifadə olunaraq, Pakistan Baş nazirinin Azərbaycana
cari ilin may ayında baş tutmuş sonuncu səfəri, Laçında keçirilmiş
görüşlər zamanı iki ölkənin liderləri arasında aparılan
müzakirələrin əhəmiyyəti bir daha vurğulanıb.
Azərbaycanın cari ilin iyul ayında İqtisadi Əməkdaşlıq Təşkilatının
Zirvə Toplantısına ev sahibliyi və 2026-cı ildə etibarən başlayacaq
İslam Əməkdaşlıq Təşkilatına sədrliyinin çoxtərəfli platformalar
çərçivəsində tərəfdaşlığımız üçün əlavə imkanlar yaratdığı
bildirilib.
Davamlı siyasi dialoqumuzun digər ölçülər üzrə əməkdaşlıq
əlaqələrimizin inkişafına müsbət təsirindən bəhs olunub,
iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi,
nəqliyyat və digər perspektivli sahələr üzrə tərəfdaşlıq məsələləri
nəzərdən keçirilib.
Son regional inkişaflar diqqət mərkəzində saxlanılıb, İsrail-İran
qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik
vəziyyətindən ciddi narahatlıq ifadə olunub və münaqişənin
diplomatik yollarla həllinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.