Bakı. Trend:
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hava hücumları beynəlxalq hüquq və BMT Nizamnaməsinin ciddi şəkildə pozulmasıdır.
Trend xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.
“ABŞ-ın İranın suverenliyinə və ərazi bütövlüyünə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar beynəlxalq hüququn və BMT Nizamnaməsində nəzərdə tutulan məcburi norma və prinsiplərin kobud şəkildə pozulması deməkdir”, – deyə İrəvani Təhlükəsizlik Şurasının sədri və BMT baş katibinə ünvanladığı məktubda qeyd edib.
O, məktubunda həmçinin bildirib: “Beynəlxalq sülh və təhlükəsizlik üçün bu açıq-aşkar və qanunsuz təcavüz aktının doğura biləcəyi ciddi və genişmiqyaslı nəticələri nəzərə alaraq, İran İslam Respublikası BMT Təhlükəsizlik Şurasından təcili toplantı çağırılmasını tələb edir”.