Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp İranın mümkün qədər tez danışıqlar masasına qayıtmasının və dayanıqlı həll istiqamətində irəliləyişin vacibliyini müzakirə ediblər.
Trend xəbər verir ki, bu barədə Britaniya hökumətinin Starmerlə Tramp arasında baş tutan telefon danışığından sonra yaydığı bəyanatda qeyd olunub.
Tərəflər həmçinin İranın nüvə proqramının beynəlxalq təhlükəsizlik üçün “ciddi təhdid” yaratdığı barədə razılığa gəliblər.
“Onlar dünən gecə ABŞ-nin bu təhlükəni azaltmaq üçün atdığı addımları və İranın heç vaxt nüvə silahına sahib olmaması ilə bağlı ortaq mövqelərini müzakirə ediblər”, – deyə rəsmi məlumatda bildirilir.
Qeyd edək ki, Kir Starmer eyni zamanda Kanadanın Baş naziri Mark Karni ilə də Yaxın Şərqdəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.