Bakı. Trend:
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib və bu addımı Vaşinqtonun İsrail adından apardığı “əsassız müharibə” kimi dəyərləndirib.
Trend xəbər verir ki, İrəvani bu fikirləri BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı səsləndirib.
Diplomat bildirib ki, “bu gün ABŞ-nin siyasi tarixinə daha bir qara ləkə yazılıb” və dünya ictimaiyyəti bir daha “Vaşinqtonun siyasi sisteminin və onun liderlərinin açıq korrupsiyasına şahidlik edib”.
O qeyd edib ki, ABŞ və İsrailin bu hücumları BMT Nizamnaməsinin 2.4-cü maddəsinin, Təhlükəsizlik Şurasının qətnamələrinin və “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi”nin açıq şəkildə pozulmasıdır.
İrəvani bildirib ki, İran vəziyyətin gərginliyinə baxmayaraq, cavab addımlarını ölçüb-biçəcək: “İranın mütənasib cavabının vaxtı, forması və miqyası silahlı qüvvələrimiz tərəfindən müəyyən ediləcək”.
İranlı diplomat eyni zamanda ölkəsinin nüvə silahı əldə etmək niyyətində olması ilə bağlı irəli sürülən ittihamları əsassız və siyasi motivli adlandırıb.
O qeyd edib ki, İran iyunun 15-nə planlaşdırılmış növbəti nüvə danışıqları raunduna hazırlaşırdı: “Lakin İsrail danışıqlardan cəmi iki gün əvvəl hücuma keçərək diplomatiyaya son qoymaq qərarını verdi. İran heç vaxt tərk etmədiyi bir şeyə necə qayıda bilər?”
Sonda İrəvani xəbərdarlıq edib ki, ABŞ, Böyük Britaniya, Fransa və BAEA-nın baş direktoru mülki əhalinin tələfatına və infrastrukturun dağıdılmasına görə tam məsuliyyət daşıyacaqlar.