Bakı. Trend:
Azərbaycanın yeniyetmə badmintonçuları Serbiyanın Novi-Sad şəhərində 27 ölkənin iştirak etdiyi “Serbian Youth International – Novi Sad 2025” beynəlxalq turnirində uğurla çıxış edərək qızıl və bürünc medallara sahib olublar.
Trend-in məlumatına görə, 13 yaşadək yeniyetmə oğlanların şəxsi yarışında “G” qrupunda mübarizə aparan Ömər Mehdi Türkiyə və Macarıstan təmsilçilərini məğlub edərək pley-off mərhələsinə yüksəlib. Pley-offda Türkiyə, Rumıniya və Bolqarstan badmintonçularını ardıcıl yenərək, Ömər Mehdi turnirin qızıl medalını qazanıb.
15 yaşadək qarışıq qoşa yarışda Fərəc Kərimli – Aysel Kazımova tandemi bürünc medala layiq görülüb. Onlar yarımfinala kimi İsrail, Serbiya və Türkiyə təmsilçilərini məğlub etsələr də, finala yüksəlmək uğrunda Macarıstan badmintonçularına uduzublar.
Eyni yaş kateqoriyasında yarışan Ömər Teymurlu – Qəndab Niftalızadə qoşası 1/4 finala qədər irəliləsə də, medal uğrunda oyunda Türkiyə komandası ilə görüşdə məğlub olub.
13 yaşadək qızların qoşa kateqoriyasında Dəniz Əhmədli – Fatimə İsmayılova yarımfinala yüksəlmək uğrunda serb rəqiblərinə uduzub.
Turnirdə 27 ölkədən 255 badmintonçu 5 kateqoriya üzrə mübarizə aparıb.
Qeyd edək ki, Azərbaycan yeniyetmə badmintonçuları hər il Novi-Sad şəhərində keçirilən “Serbian Youth International” turnirində mütəmadi iştirak edir.