Bakı. Trend:
İspaniya hökuməti NATO ilə əldə etdiyi razılaşma çərçivəsində krallığın müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq öhdəliyindən azad olunub.
Trend xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes açıqlama verib.
“İspaniya hökuməti NATO ilə yeni razılığa gəlib. Bu razılaşma sayəsində biz həm Alyans qarşısında öhdəliklərimizi yerinə yetirə, həm də hərbi xərclərimizi 5 faizə çatdırmadan onun birliyini qoruya biləcəyik”, – Sançes bildirib.
Baş nazir qeyd edib ki, İspaniyanın müdafiəyə ÜDM-in 5 faizini ayırması “qeyri-mütənasib və lazımsız” olardı. Onun fikrincə, krallığın bu sahədə effektiv fəaliyyəti üçün ÜDM-in təxminən 2,1 faizi kifayətdir.
Sançesin sözlərinə görə, hərbi xərclərin 5 faizə çatdırılması İspaniyaya əlavə olaraq 350 milyard avro xərclə başa gələ bilərdi. ABŞ-ın təzyiqlərinə baxmayaraq, Madrid bu qədər kəskin artıma əvvəldən şübhə ilə yanaşıb. Aprel ayında hökumət müdafiə və təhlükəsizlik sahəsində xərclərin 2025-ci ilə qədər ÜDM-in 2 faizinə çatdırılması planını təsdiqləmişdi.
Qeyd edək ki, İspaniya daha əvvəl bu hədəfə 2029-cu ilə qədər çatacağını öhdəlik kimi bəyan etmiş və bunun üçün 10,4 milyard avro vəsait ayırmağı planlaşdırmışdı.
NATO-nun son sammitində bütün üzv ölkələr müdafiə xərclərinin ÜDM-in 2 faizindən 5 faizədək artırılması ilə bağlı yekun bəyanatı imzalayıb. Lakin yalnız İspaniya bu öhdəliyin 2035-ci ilə qədər uzadılmasına nail olaraq müqavimət göstərən son NATO ölkəsi kimi razılaşdırılmış mövqeyə çatıb.
Eyni zamanda, İspaniya və İtaliya xərclərin artırılmasının mərhələli şəkildə həyata keçirilməsi üçün 2030 və ya 2032 deyil, 2035-ci ilin son hədəf kimi müəyyən olunmasına nail olublar.