Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20 qırıcı təyyarə Tehran və İranın qərbindəki hərbi hədəflərə 30-dan çox sursatla hücum həyata keçirib.
Trend xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti yayıb.
Bildirilib ki, hücumlar dəqiq kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirilib. “İsrail Hərbi Hava Qüvvələrinin 20 döyüş təyyarəsi son günlərdə 30-dan çox sursatdan istifadə etməklə İranda yerləşən hərbi obyektləri hədəfə alıb”, – deyə məlumatda qeyd olunub.
Mətbuat xidmətinin açıqlamasına görə, hücumlar əsasən İsrail ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulan raketlərin saxlanması və buraxılması infrastrukturuna, eləcə də İranın qərbindəki Kirmanşah və Medan şəhərlərində yerləşən hərbi radiolokasiya stansiyalarına yönəlib.
Bundan əlavə, Tehranın mərkəzində yerləşən zenit-raket buraxılış qurğusunun da hədəfə alındığı bildirilib.