...

İsrail ABŞ-ın İrana zərbəsini qlobal təhlükəyə qarşı “saleh akt” adlandırıb

Dünya xəbərləri Materials 23 İyun 2025 01:52 (UTC +04:00)
İsrail ABŞ-ın İrana zərbəsini qlobal təhlükəyə qarşı “saleh akt” adlandırıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi son zərbələrə tam dəstək verən İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon bu hücumları “saleh akt” və “azad dünyanı qorumaq üçün zəruri tədbir” kimi qiymətləndirib.

Trend xəbər verir ki, Danon bu fikirləri BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı səsləndirib.

“Dünən gecə azad dünyanın lideri cəsarət göstərdi. ABŞ yalnız öz maraqları üçün deyil, azadlığı radikalizmdən üstün tutan hər kəs üçün hərəkət etdi”, – deyə o bildirib.

İsrail nümayəndəsi qeyd edib ki, diplomatik səylər uzun müddət göstərilib, o cümlədən ABŞ-nin da iştirakı ilə bir çox təşəbbüslər reallaşdırılıb. “Bu salonda əyləşən bir çox ölkə səmimi şəkildə diplomatiyaya ümid edirdi. Lakin İran rejiminin məqsədi fərqli idi”, – deyə Danon vurğulayıb.

O iddia edib ki, Tehran danışıqları yalnız vaxt qazanmaq və bu müddətdə raket proqramını inkişaf etdirmək, uranı zənginləşdirmək üçün vasitə kimi istifadə edib: “Onlar heç vaxt əməl etməyəcəkləri müqavilələr bağladılar, müddətləri pozdular, nəzarət mexanizmlərinə mane oldular. Azad dünya onlara hər fürsəti verdi – aylar, illər və bütün mümkün güzəştlər. Amma İran geri çəkilmədi. Ona görə də azad dünya hərəkətə keçdi”.

Sonda Danon bildirib ki, İranın nüvə proqramı artıq “diplomatik tapmaca deyil, beynəlxalq sistemin özəyini hədəfləyən dolu bir silahdır”.

Xəbər lenti

Xəbər lenti