Bakı. Trend:
İyunun 23-də ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (Institute for Development and Diplomacy – IDD) təşkilatçılığı ilə 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School – BSES) açılış mərasimi baş tutub.
Trend xəbər verir ki, tədbir ADA Universiteti Fondunun, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), bp, və KOLİN şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir.
İki həftəlik intensiv sertifikat proqram enerji, iqlim dəyişikliyi, ətraf mühit və dayanıqlı inkişaf sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar və dövlət rəsmilərini bir araya gətirir.
İnteraktiv mühazirələr, araşdırmalar və tədqiqat səfərləri ilə dolu olan bu yay proqramının əsas mövzusu enerji bağlantısı və Orta Dəhliz (Middle Corridor) çərçivəsində regional əməkdaşlığın inkişaf etdirilməsi və yaşıl enerji keçidi məsələlərinə həsr olunub.
Açılış mərasimində Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanov, ADA Universitetinin prorektoru, IDD direktoru Fariz İsmayılzadə, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, IDD Tərəfdaşlıq şöbəsinin rəhbəri Nərgiz İsmayılova və IDD baş elmi işçi və BSES proqramının meneceri Həcər Hüseynova çıxış ediblər.
Proqramın “Enerji, Ətraf Mühit və Bərpa Olunan Enerji Mənbələri” mövzusuna həsr olunmuş ilk günü Xəzər regionunun enerji tarixindən başlayaraq, iqlim dəyişikliyi fonunda Azərbaycanın dayanıqlı enerji keçidi yol xəritəsi, bərpa olunan enerji imkanları və keçid dövründə enerji diplomatiyasına həsr olunub. İlk gün Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanov, bp-nin Beynəlxalq Məsləhətçi Komandasının rəhbəri Michael Denison, Azərbaycan Respublikası Energetika nazirinin müavini Orxan Zeynalov və Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Fəqan Əbdürrəhmanov çıxış ediblər.
Proqramda bu il 15 ölkədən – o cümlədən Azərbaycan, Almaniya, Bolqarıstan, Çili, İspaniya, İtaliya, Pakistan, Tanzaniya, Türkiyə, Vyetnam, Xorvatiya, Yunanıstan, Amerika Birləşmiş Ştatları və Birləşmiş Krallıqdan – 40-dan çox iştirakçı qatılıb. İştirakçılar arasında nazirliklər, beynəlxalq təşkilatlar, enerji şirkətləri və beyin mərkəzlərinin nümayəndələri yer alıb.
Məlumat üçün bildirək ki, proqram 23 iyun – 4 iyul tarixlərində baş tutacaqdır.