Bakı. Trend:
Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiyasiyası (ACIPE) çərçivəsində iqtisadi göstəriciləri əks etdirən vahid verilənlər bazasının yaradılması üzrə işçi qrupun yaradılması təklif edilib.
Trend xəbər verir ki, bu barədə ACIPE İdarə Heyətinin sədri, Qazaxıstanın First Credit Bureau (FCBK) rəhbəri Ruslan Omarov bu gün Bakıda keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxışı zamanı məlumat verib.
O vurğulayıb ki, sözügedən vahid məlumat bazası yaradılarsa, bu, nəticə və hədəfləri müəyyənləşdirməyi asanlaşdıra bilər:
"Bu, heç bir yarışma və ya reytinq deyil. Sadəcə olaraq başa düşmək istəyirik ki, hazırda haradayıq. Bu, bir başlanğıc nöqtəsidir ki, sonra düzgün addımlar ata bilək və nəticələri izləyək.
Niyə bu vacibdir? Çünki biz birlikdə nəsə edə bilərik, amma məsələn, Azərbaycan, Tacikistan, Qırğızıstan tamam başqa addım ata bilər. Nəticələr fərqli ola bilər. Bəlkə, biz səhv addım atdıq və nəticə pis oldu, ya da əksinə, nəticə üç dəfə yaxşılaşdı. Buna görə də strategiyanı tez dəyişmək, vəziyyəti hiss edib uyğunlaşmaq lazımdır".
Bunun çox vacib olduğunu deyən R. Omarov təklif edib ki, ACIPE-yə üzv ölkələrdə belə bir araşdırma başladılsın: "Hesab edirəm ki, məlumatları toplayıb ACIPE çərçivəsində iqtisadi göstəriciləri əks etdirən vahid məlumat bazasının formalaşdırılması üzrə bir işçi qrup yaradaq. Bu sahə ilə ciddi şəkildə məşğul olaq".
"Çünki biz hamımız məlumatlarla işləyirik. İndi bu sahəyə rəhbərlik etsək, daha yaxşı olar. Yoxsa, sonra kənardan kimsə gəlib düzgün olmayan işlər görə bilər. Bəlkə də biz hər ölkədə çox böyük deyilik, amma məlumatla işlədiyimiz üçün bu sahədə rəhbərlik bizdə olmalıdır", - deyə R. Omarov fikrini tamamlayıb.