Bakı. Trend:
Hörmüz boğazının bağlanması hər kəs üçün çox təhlükəli və arzuolunmaz hadisəyə çevriləcək.
Trend xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“İranın Hörmüz boğazını bağlaması ilə bağlı narahatlıq və bu müharibənin daha da gərginləşməsi qorxusu son dərəcə böyükdür”, – deyə Avropa İttifaqının diplomatiya rəhbəri bildirib.
Bundan əvvəl İran parlamentinin Hörmüz boğazının bağlanmasına səs verdiyi ilə bağlı məlumat yayılmışdı. Bu məsələyə dair yekun qərarı ölkənin Ali Milli Təhlükəsizlik Şurası verir.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.