Bakı. Trend:
Getdikcə daha da rəqəmsallaşan və ciddi inteqrasiya prosesi keçən maliyyə sektorunda kredit hesabatlığı sistemlərinin strateji rolu artıq ənənəvi skorinq formatından çox kənara çıxıb. Bu gün kredit büroları bank-maliyyə sistemi də daxil olmaqla ümumi informasiya infrastrukturunun əsas sütunlarından birini təşkil edir.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, makroprudensial baxımdan kredit büroları kredit riskinin idarə edilməsi mexanizmi olaraq kredit bazarlarında informasiya assimetriyasını və defolt ehtimallarını azaltmaqla məsuliyyətli kreditləşməyə xidmət edir:
"Həmçinin, kredit büroları mərkəzi banklar və tənzimləyici orqanlar üçün makro-prudensial analiz, stress-testləşdirmə, kontr-tsiklik siyasət tədbirlərinin implementasiyası, IFRS 9, Basel III və digər platformalar çərçivəsində risk modellərinin tərtibi baxımından mühüm əhəmiyyət kəsb edir və ümumilikdə maliyyə sabitliyinə töhfə verir.
Növbəti olaraq, qeyd olunmalıdır ki, kredit büroları, maliyyə inklüzivliyini genişləndirmək üçün əsas alətlərdən biri kimi çıxış edir. Əgər əvvəlki dövrlərdə bu, əsas etibarilə, əhalinin və biznesin kredit tarixçələrinin formalaşdırılması və anderraytinq sistemlərində nəzərə alınması yolu ilə maliyyə əlçatanlığına töhfə verirdisə, müasir zamanda daha mütərəqqi inteqrasiya metodları bu imkanları dəfələrlə genişləndirib".
Sədr müavini qeyd edib ki, bir çox kredit büroları qeyri-ənənəvi məlumat mənbələrini öz sistemlərinə inteqrasiya etməyə başlayıb:
"Məsələn, elektron pul əməliyyatları, müştərilərin elektron ticarət davranışları, icarə və kommunal ödənişlər və s. alternativ məlumatlar kredit əlçatanlığı baxımından yeni və daha geniş imkanlar yaradır. Bu, istər əhalinin kreditlərini, istərsə də fərdi sahibkarlar da daxil olmaqla mikro, habelə kiçik, orta və iri sahibkarlıq subyektlərinin biznes kreditlərini ehtiva edir.
Qeyd olunan çərçivədə məsafədən maliyyə xidmətlərinin göstərilməsi zamanı kredit bürolarının artan əhəmiyyətini də xüsusilə vurğulamaq istərdim. Son dövrlərdə daha da sürətlənmiş maliyyə xidmətlərinin rəqəmsallaşması məsafədən işgüzar münasibətlərin yaradılmasının və maliyyə əməliyyatlarının icrasının əhəmiyyətini artırıb. Əlbəttə, bu dəyişiklik şəxsiyyətin eyniləşdirilməsi və bununla əlaqəli risklərin azaldılması baxımından yeni çağırışlar yaradıb".
T.Əliyev vurğulayıb ki, bu yeniliklər biznes subyektlərinin maliyyə hesabatlığına rəqəmsal çıxış imkanlarını da əhəmiyyətli şəkildə təşviq edib:
"Hesab edirəm ki, bu kontekstdə kredit büroları rəqəmsal müştəri uyğunluğu tədbirləri infrastrukturunun qurulmasında və öz müştərini tanı prinsiplərinin daha effektiv tətbiqi baxımından mühüm rol oynaya bilər. Onlar elektron hökumət sistemləri çərçivəsində mövcud olan identifikasiya və müxtəlif hesabatlıq bazaları ilə inteqrasiya edilərək real vaxt rejimində şəxsiyyətin təsdiqi və autentifikasiya xidmətləri ilə paralel, biznes subyektlərinin maliyyə hesabatlığı əsasında çevik təhlil xidmətlərini təqdim edə bilərlər".
Mərkəzi Bank rəsmisi bildirib ki süni intellekt əsaslı modellər ənənəvi kredit skorinqinin bacarmadığı qədər böyük və mürəkkəb məlumat bazalarını emal edərək daha dəqiq proqnozlar vermək imkanlarını hədəfləyir:
"Bu, risklərin daha təfərrüatlı seqmentləşdirilməsinə, kredit qərarlarının daha sürətli verilməsinə və qeyri-standart məlumatların modellərə daxil edilməsinə imkan verir. Lakin bu texnologiyalar maliyyə sektoru üçün fürsətlərlə yanaşı, tənzimləyici orqanlar üçün məsuliyyət də formalaşdırır. Belə ki, süni intellektdən istifadə effektivliyi və inklüzivliyi artırsa da, model risklərinin idarə edilməsi və alqoritm şəffaflığı kimi məsələlər müəyyən narahatlıqlar yaradır. Bu baxımdan hazırkı Konfransda müzakirə olunacaq potensial məhsulların xüsusiyyətləri bütün nəzarət orqanları üçün olduğu kimi, bizim də maraq dairəmizə daxildir".
T.Əliyevin sözlərinə görə, kredit bürolarının rolu texnoloji, əməliyyat və strateji səviyyədə genişlənməkdədir:
"Ümumi bir maliyyə-texnologiya ekosisteminin iştirakçıları olaraq qarşılıqlı əməkdaşlığımızın ortaya çıxan çağırışları inamla həll etməyə, faydaları isə maksimal səviyyədə dəyərləndirməyə imkan yaradacağından əminik. Bu baxımdan, yaşadığımız regionda ilklərdən biri olaraq tarixçəsi 2000-ci illərin əvvəllərində Mərkəzi Bankda Kredit Reyestrindən başlayan kredit hesabatlığı sisteminin inkişafı bu gün Azərbaycan Kredit Bürosunun timsalında uğurla davam etdirilir. Büronun fəaliyyəti beynəlxalq reytinqlərdə, xüsusilə Dünya Bankının “B-Ready” hesabatında ölkənin biznes mühitinin qiymətləndirilməsi istiqamətində mühüm indikatorlardan biridir. Hamıya məlum olduğu kimi ölkəmiz, bu platforma çərçivəsində, “kredit məlumatlarının dərinliyi” indeksi üzrə əvvəlki dövrlərdə yüksək dəyərləndirməyə layiq görülmüşdür".
"Azərbaycan Mərkəzi Bankı olaraq bu sahədə fəaliyyətimizi bundan sonra da sistemli və ardıcıl şəkildə davam etdirmək niyyətindəyik. Əminəm ki, dövlət qurumları, maliyyə sektoru iştirakçıları, AKB və beynəlxalq tərəfdaşlarımızla birgə səylərimiz nəticəsində daha modern, təhlükəsiz və dayanıqlı maliyyə mühiti formalaşacaq", - deyə T.Əliyev fikirlərini yekunlaşdırıb.