Bakı. Trend:
İsrailin Hərbi Hava Qüvvələri İranın qərb, şərq və mərkəzi hissəsindəki altı hava limanına zərbələr endirib.
Trend xəbər verir ki, bu barədə İsrail ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.
“İsrail ordusu İran üzərində hava üstünlüyünü gücləndirmək səyləri istiqamətində ölkənin qərb, şərq və mərkəzi hissəsində altı hava limanına hücum edib. Zərbələr uçuş-enmə zolaqlarına, yeraltı obyektlərə və yanacaq dolduran təyyarəyə zərər vurub. Pilotsuz uçuş aparatları İrana məxsus 15 döyüş təyyarəsini və helikopterini məhv edib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.