Bakı. Trend:
Türkiyə ilə Ermənistan arasında münasibətlər onilliklər ərzində dondurulmuş vəziyyətdə qalıb. Ermənistanın 1991-ci ildə müstəqillik qazanmasından sonra rəsmi Ankara diplomatik əlaqələr qurmaqdan imtina etdi. Ankara bu addımı atmaq üçün iki əsas şərt irəli sürdü: birincisi, Ermənistanın ərazi iddialarından imtinası (1995-ci il Ermənistan Konstitusiyasında “Qərbi Ermənistan” ifadəsi - hazırda Türkiyəyə aid ərazilər - açıq şəkildə yer alır), ikincisi isə Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınması.
Əlavə gərginlik isə erməni lobbi dairələrinin 1915-ci il hadisələrinin guya yudurma “erməni soyqırımı” kimi tanınmasına dair apardığı kampaniyalardan qaynaqlanır. Türkiyə bu iddianı qətiyyətlə rədd edir və onu siyasi təzyiq aləti hesab edir. 2009-cu ildə prezident Abdullah Gül və prezident Serj Sarqsyan dövründə “Sürix protokolları” çərçivəsində münasibətlərin normallaşdırılmasına edilən cəhd uğursuzluğa düçar oldu. Ermənistan daxili radikal qüvvələrin təzyiqi ilə sənədləri ratifikasiya etmədi. Türkiyə isə prosesi Qarabağ üzrə irəliləyişlə şərtləndirdi.
44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Rusiya vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyanat əslində Ermənistan üçün kapitulyasiya aktı idi. Xüsusilə bu sənədin 9-cu bəndi Ermənistanı açıq şəkildə öhdəlik altına salır: “Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilməlidir ki, bu da vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etsin”.
Əsas məqam isə budur: bu nəqliyyat dəhlizinə nəzarət Rusiya sərhəd xidmətinin öhdəsindədir və onların Ermənistanın Sünik (Zəngəzur) bölgəsində yerləşdirilməsi nəzərdə tutulur. Bu, sadəcə “tövsiyə” deyil, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı rəsmi sənəddə qeyd olunan öhdəlikdir.
2020-ci ildən bəri artıq 3,5 ildən çox vaxt keçib, lakin Ermənistan dəhlizin açılması istiqamətində heç bir real addım atmayıb. Əksinə, rəsmi İrəvan “dəhliz” anlayışından israrla imtina edir və onu “Ermənistanın suveren yolu” və ya son zamanlar səsləndirdikləri “Sülh çarpaz yolu” kimi qeyri-müəyyən anlayışlarla əvəzləməyə çalışır.
Zəngəzur dəhlizi - konkret coğrafiyaya (Ermənistanın cənubu, Mehri bölgəsi) malik, hüquqi statusu olan, beynəlxalq təhlükəsizlik təminatları və Rusiya sərhədçilərinin iştirakı ilə tənzimlənən nəqliyyat arteriyasıdır. Bu, dövlətlərarası razılaşmaya daxil edilmiş, icrası məcburi olan bir layihədir.
Bunun əksinə olaraq, “Sülh yolayrıcı” İrəvanıntəşəbbüsüdür, heç bir beynəlxalq sənəddə təsbit olunmayıb. Bu konsepsiya “bütün istiqamətlərin qarşılıqlı açılması və heç bir eksklüziv marşrutun olmaması” ideyasına əsaslanır.
Fərq konseptual xarakter daşıyır. Belə ki, Zəngəzur dəhlizi kağız üzərində təsbit olunmuş öhdəlikdirsə, “Sülh yolayrıcı” sadəcə təklifdir, müzakirə oluna bilər, lakin mövcud razılaşmaları əvəz etmir.
Üstəlik, Ermənistanın təklif etdiyi sxemdə beynəlxalq nəzarət yoxdur: nə Rusiya, nə də digər oyunçular bu təşəbbüsə daxil deyil. Halbuki Zəngəzur dəhlizində Rusiya, Azərbaycan və potensial olaraq Türkiyə və digər tranzit aktorlar iştirak edir.
Nikol Paşinyanın Türkiyəyə səfəri formal olaraq beynəlxalq tədbirdə iştirak məqsədi daşıyırdı. Amma Ermənistan tərəfindən verilmiş bəyanatlara diqqətlə baxanda aydın olur ki, məqsəd əvvəldən razılaşdırılmış addımları irəli aparmaq yox, İrəvana sərf edən, amma hüquqi əsası olmayan yeni çərçivəni təklif etmək olub.
Diqqətçəkicidir ki, Paşinyan nə 2020-ci il razılaşmasını, nə də onun 9-cu bəndini dilə gətirdi. “Blokdan çıxarma” ifadəsini istifadə etsə də, bu, yalnız “bərabərlik” və “beynəlxalq nəzarətsizlik” anlayışları çərçivəsində təqdim edildi. Əslində bu, mövcud öhdəlikləri yenidən gözdən keçirmək və dəyişdirmək cəhdidir.
Bu yanaşma Bakı və Ankarada haqlı şübhələr doğurur.
2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasındla imzalanmış üçtərəfli bəyanatın müddəalarını yada salaq.
1-ci bənd Atəşkəs və hərbi əməliyyatların tam dayandırılmasını nəzərdə tuturdu. Bənd İrəvan tərəfindən formal olaraq yerinə yetirilib, atəşkəs qüvvədədir.
2-ci bənddə Rusiya sülhməramlılarının yerləşdirilməsindən bəhs olunurdu. Yerinə yetirilib; sülhməramlılar 2023-cü ilin sentyabrına qədər Qarabağda yerləşib.
4-cü bənd Kəlbəcər, Ağdam və Laçın rayonlarının azad edilməsini ehtiva edirdi. Gecikmələrlə də olsa, yerinə yetirilib.
9-cu bənd Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında, Rusiya FTX-nın Sərhəd Xidmətinin nəzarəti altında nəqliyyat əlaqəsinin təmin olunmasınə nəzərdə tuturdu. Yerinə yetirilməyib, çünki Ermənistan “dəhliz” terminini qəbul etməyib, marşrut təqdim etməyib, keçid və təhlükəsizlik təmin olunmayıb. Rusiya bu sahədə mandat almayıb.
Regional kommunikasiyaların açılması ilə bağlı öhdəliklərə gəldikdə isə, onlar yalnız bəyanatlar və müzakirələr səviyyəsində qismən həyata keçirilib. Praktikada tranzit bloklanıb, siyasi riyakarlıq və qeyri-müəyyən ritorika davam edir.
Başqa sözlə, Bakı və Ankara üçün strateji əhəmiyyət daşıyan əsas məsələ - Zəngəzur dəhlizi - Ermənistan tərəfindən bütün hüquqi və diplomatik öhdəliklərə baxmayaraq, bu günədək bloklanmış qalır. Vəziyyət Rusiya tərəfindən də etiraf olunub: 2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyi rəsmi olaraq bəyan etdi ki, Moskva 9-cu bəndin FTX-nin iştirakı ilə icrasını dəstəkləyir, lakin “Ermənistan tərəfindən konstruktiv mövqe gözləyir”.
Azərbaycan və Türkiyə birgə koordinasiya olunmuş diplomatik mövqe formalaşdırıb və burada simvolik təkliflərə yer yoxdur.
Əgər dəhliz yoxdursa - tranzit arxitekturası da yoxdur, sülh prosesinə etimad da yoxdur. Azərbaycan imkan verməz ki, strateji razılaşmalar mənasız ritorikaya çevrilsin.
Türkiyə isə aydın şəkildə edib ki, Ermənistanla yaxınlaşma yalnız Bakı ilə aparılan danışıqlarda real irəliləyiş olduqda mümkündür. Məhz buna görə də Paşinyanın Türkiyəyə səfəri Ankarada “səmimiyyət testi” kimi qəbul olunub, yoxsa “diplomatik jest” kimi deyil.
Nikol Paşinyanın Türkiyəyə səfəri, əslində, məzmunsuz diplomatik jestlərin daha bir nümunəsinə çevrildi. Bir tərəfdə diqqətlə səhnələşdirilmiş görüntülər - Atatürk Anıtına çiçək qoyulması, Süleymaniyyə məscidinin ziyarəti, türk rəsmiləri ilə salamlaşmalar və söhbətlər...
Digər tərəfdə isə konkret siyasi qərarların və ya hüquqi öhdəliklərin tam yoxluğu. Bu cür vizual və simvolik elementlərlə dolu “diplomatik xoreoqrafiya” guya yumşalma görüntüsü yaratmağa xidmət edir, əslində isə məzmunun forma ilə əvəz olunması cəhdidir. Problem isə ondadır ki, artıq nə Türkiyə, nə də Azərbaycan bu cür “boş mərasimləri” irəliləyiş sübutu kimi qəbul etmir.
2024-cü ildə Türkiyə Ermənistanla münasibətlərin normallaşması üzrə ikitərəfli komissiyanın fəaliyyətini dayandırdı. Formal səbəb - İrəvandan “real addımlar” gözlənilməsi idi. Gerçək səbəb isə Ermənistanın 2020-ci il üçtərəfli razılaşmasında nəzərdə tutulan nəqliyyat layihəsini sabotaj etməsi idi.
Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ilin əvvəlindən bəri Zəngəzur üzərindən nəqliyyat marşrutlarının bərpasına dair təqdim olunmuş təkliflərin heç birinə İrəvandan cavab gəlməyib. Türkiyənin XİN başçısı Hakan Fidan açıq şəkildə deyib: “Türkiyə Ermənistandan rituallar yox, hüquqi öhdəliklər gözləyir. Simvollar dəhlizləri əvəz edə bilməz, fotolar dəmir yollarını qurmaz.”
Zəngəzur dəhlizi - bu, imzalanmış sənəddir. Ermənistanın bu sənəddən geri çəkilməsi sülh prosesinə qarşı açıq sabotajdır.
Artıq nə Ankara, nə də Bakı imitasiya ilə barışmaq niyyətində deyil. Gerçək proseslər İrəvanda onların illüziyası ilə əvəzlənir. Ermənistanın irəli sürdüyü “Sülh çarpaz yolu” konsepsiyası isə nə hüquqi baza, nə də beynəlxalq dəstəyə malikdir. Bu isə onu, sadəcə, retorik manevr halına gətirir.
Zəngəzur dəhlizi ilə “Sülh yolayrıcı” layihələrinin müqayisəsi deklarativ bəyanatlar deyil, faktların əsasında aparıldıqda onların tamamilə əks istiqamətli siyasi-funksional xarakter daşıdığı üzə çıxır.
Zəngəzur dəhlizi - 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hüquqi cəhətdən təsbit olunmuş öhdəlikdir. Onun icrası Rusiya, Azərbaycan və Ermənistanın məsuliyyət dairəsinə daxildir. Gələcəkdə bu dəhliz Türkiyə və İranı da əhatə edə bilər. 2025-ci ilə olan vəziyyətə görə, Azərbaycan öz ərazisindəki hissəni tamamilə başa çatdırıb: Ordu-Bədli və Ağbənd arasında tunellər tikilib, yol infrastrukturunun əsas hissələri hazırdır.
“Sülh yolayrıcı” isə Ermənistanın birtərəfli təşəbbüsüdür və bu günə qədər heç bir beynəlxalq razılaşmada əks olunmayıb. Layihənin nə hüquqi statusu, nə də real infrastruktur bazası mövcuddur. Regional müzakirələr də aparılmır. Bu ideya qeyri-müəyyən fərziyyəyə əsaslanır: guya Ermənistan mövcud razılaşmalara daxil olmadan regional tranzit mərkəzinə çevrilə bilər. Lakin bu, real bazar qanunları ilə ziddiyyət təşkil edir.
Dəhlizlər arasında rəqabət çox sərtdir. Ermənistan marşrutsuz xəritə, icrasız ümid təklif edir. Bu - məğlubiyyət formuludur.
Ermənistanın 2020-ci il üçtərəfli bəyanatının icrasından imtina etməsi, Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında marşrutun açılmasını sabotaj etməsi və Bakı ilə sülh müqaviləsini imzalamaması nəticə etibarilə ölkəni strukturlaşdırılmış təcridə aparır. Artıq 2025-ci ilin əvvəlindən etibarən Qazaxıstan və Özbəkistan “Orta dəhliz” təşəbbüsü çərçivəsində Ermənistanı prioritet istiqamətlərdən çıxarıb.
Asiya İnkişaf Bankının məlumatına görə, 2025-ci ilin birinci rübündə Ermənistana yönələn birbaşa xarici investisiyalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azalıb. Səbəblər arasında aydın nəqliyyat əlaqələrinin olmaması və yeni münaqişə riskləri ön plana çıxır.
Paris və Brüssel, İrəvanı dəstəkləyən ritorikaya baxmayaraq, bu təcridi əvəz edə bilmir. 2025-ci ilin mayında "Business France" tərəfindən yayımlanan hesabata əsasən, Fransanın Ermənistandakı investisiyalarının həcmi 30 milyon avronu keçmir və əsasən pərakəndə ticarət sektoruna yönəlib. Bu isə infrastruktur layihələrinin başlaması üçün yetərli deyil.
Ermənistan imitasiya olunan “irəliləyişin” əslində yükə çevrildiyi həddə yaxınlaşır. Qarşıda dörd ssenari var:
1. Təzyiqin gücləndirilməsi. Azərbaycan və Türkiyə artıq diplomatik ritorikalarını sinxronlaşdırıb və yeni addımlara hazırlaşırlar. 2025-ci ilin iyununda Azərbaycanın Xarici İşlər Nazirliyi Zəngəzur marşrutunun bloklanmasının davam etməsi halında “qarşılıqlı tədbirlər” görmək niyyətini açıqladı. Bunlara Ermənistan məhsullarının Azərbaycan bazarına çıxışına məhdudiyyətlər, diplomatik demarşlar və sabotaj faktlarının beynəlxalq miqyasda sənədləşdirilməsi kampaniyası daxildir.
2. Regional təcrid. Ermənistan Şərq–Qərb və Şimal–Cənub marşrutlarına inteqrasiya fürsətini itirir. Bu nəqliyyat arteriyaları artıq onun ətrafından keçir: İran, Azərbaycan və Gürcüstan üzərindən. 2025-ci ilin iyulundan etibarən Bakı ilə Tehran arasında Astara–Rəşt dəmir yolu üzrə yükdaşımalar üçün güzəştli tarif rejimi qüvvəyə minəcək - bu, Ermənistanı tam kənarda qoyur.
3. Şərtli yaxınlaşma. Bu variant yalnız aşağıdakı hallarda mümkündür: Azərbaycanla sülh müqaviləsinin imzalanması; Zəngəzur dəhlizinin hüquqi sənədin bir hissəsi kimi tanınması; Türkiyəyə qarşı ərazi iddialarından imtina. Həmçinin bu yaxınlaşmanın formatı hüquqi əsasda təsbit olunmalı, PR aksiyası formasında təqdim olunmamalıdır.
4. 2020-ci il razılaşmasından rəsmi imtina. Bu ssenari son dərəcə təhlükəlidir. O, Ermənistanın rəsmi şəkildə sülh prosesindən çıxması və beynəlxalq təcridin daha da dərinləşməsi anlamına gələrdi. Bu addım Azərbaycan üçün təhlükəsizlik və tranzit strategiyasını yenidən nəzərdən keçirmək, o cümlədən sərt cavab tədbirləri tətbiq etmək üçün əsas yaradardı.
... Zəngəzur dəhlizi - hüquqi sənədə əsaslanan, real infrastrukturla müşayiət olunan regional layihədir. “Sülh yolayrıcı” isə heç bir razılaşma ilə təsdiqlənməyən, konkret marşrutsuz və dəstəyin olmadığı abstrakt təşəbbüsdür. Ermənistanın imitasiya siyasəti təkcə regiondakı təcridini dərinləşdirmir, həm də geoiqtisadi şanslarını birdəfəlik itirməklə nəticələnə bilər.
Regional geosiyasət artıq çoxdan romantizm mərhələsindən çıxıb. Bu gün o, niyyətlərlə deyil, nəticələrlə; jestlərlə deyil, müqavilələrlə; ritorikayla deyil, yatırılan kapital, tikilmiş magistrallar və işlək razılaşmalarla ölçülür. Bu yeni reallıq fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri, Süleymaniyyə məscidinin fonunda çəkilən görüntüləri, “Sülh yolayrıcı” barədə bəyanatları və “sivilizasiya seçimi” ilə bağlı ritorikası, əslində, infrastrukturun - atmosferlə, marşrutların isə - metaforalarla əvəzlənməsi cəhdindən başqa bir şey deyil.
Di gəl, dövlətlər poetika ilə idarə olunmur. Onlar maraqların və riyazi hesablamaların məntiqi ilə inkişaf edir. Rəqəmlər isə belə deyir: Dünya Bankının məlumatına əsasən, 2021–2024-cü illərdə Ermənistana yönələn illik birbaşa xarici investisiyaların həcmi orta hesabla 450–480 milyon dollar təşkil etdiyi halda, Azərbaycana bu göstərici 4,5 milyard dolları keçib. Bunun səbəbi təkcə resurslarda deyil, həm də proqnozlaşdırıla bilən siyasi davranışdadır. Bakı hüquqi, siyasi və institusional təminatlar təqdim edir. İrəvan isə - vaxtı, məsuliyyəti və marşrutu olmayan vədlər.
Ermənistan “humanitar logistika” və “sivilizasiyalararası vasitəçilik” kimi konsepsiyalarla məşğul olduğu halda, Azərbaycan Horadiz–Ağbənd dəmir yolunun tikintisini başa çatdırır və onu ölkənin əsas dəmir yolu şəbəkəsi ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirir. Azərbaycan Dəmir Yollarının 2025-ci ilin mayına dair rəsmi məlumatına görə, layihənin artıq 80 faizindən çoxu tamamlanıb. Paralel olaraq Türkiyə də konkret yükdaşımalar üçün Kars və Iğdırda logistik mərkəzləri gücləndirir - diplomatların hazırladığı konseptlərə görə deyil, real iqtisadi ehtiyaclara görə. 2025-ci ilin aprelində Türkiyə və Azərbaycan Naxçıvan–Iğdır–Kars istiqamətində yükdaşımaları tənzimləyən əlavə protokol imzalayıb və bu marşrut artıq “Orta Dəhliz”ə inteqrasiya olunub.
Ermənistan isə saysız-hesabsız beynəlxalq forumlara baxmayaraq, indiyədək Şərqdən Qərbə yük axınının təminatını verə biləcək heç bir işlək tranzit ssenarisi təqdim etməyib. “Ermənistan ərazisinin alternativ dəhliz kimi təqdim olunması” ideyası hələ də yalnız Brüssel və Strasburqda PowerPoint təqdimatları səviyyəsində qalır. Halbuki investorlar slayd deyil, marşrut istəyir. Hətta Ermənistanın öz tərəfdaşları - Fransa, Almaniya və Aİ - İrəvanın bu qeyri-müəyyənliyinə görə infrastruktur layihələrinə investisiya qoymaqdan çəkinir: sənədi imzalamaq, yoxsa imtina etmək? Sərhədləri qəbul etmək, yoxsa təxirə salmaq? Dəhliz olmaq, yoxsa simvol?
2025-ci ilin martında İran Ermənistanın “dəhliz məsələlərində ziddiyyətli və qeyri-müəyyən davranmasından” narahat olduğunu açıq şəkildə bildirdi. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın sözləri ilə desək: “Region aydınlıq tələb edir. Biz qeyri-müəyyənliyə sərmayə qoymuruq.” Eyni mövqe Gürcüstandan da səsləndi: 2025-ci ilin aprelində Tbilisidə bəyan edildi ki, “yalnız real nəqliyyat layihələri dəstəklənir, siyasi fantaziyalar yox.”
Buna əlavə olaraq, “Bir kəmər - bir yol” təşəbbüsünü irəli sürən Çin də Ermənistanı marşrut sxemindən çıxarıb. 2025-ci ilin mayında ŞƏT-in logistika mərkəzinin hesabatında prioritet kimi yalnız Zəngəzur dəhlizi və Bakı–Tbilisi–Qars dəmir yolu qeyd olunub. Hətta əvvəllər Ermənistan üzərindən tranzit fikrini nəzərdən keçirən Hindistan belə indi diqqətini İran üzərindən keçən INSTC marşrutuna və İran–Azərbaycan əlaqələrinə yönəldib.
Ermənistan özü özünü təcrid edib. Ona görə ki, o, özü özünü danışıqlar masasından kənarlaşdırıb: geosiyasəti piar kampaniyasına, infrastruktur təşəbbüslərini simpoziumlara, strateji sənədləri isə tvitlərə çevirməklə. Regionda zəmanətlər müzakirə olunarkən, İrəvanda simvollar müzakirə olunur.
Süleymaniyyə məscidi turistləri heyran edə bilər. Amma yük daşıyan operatorları yox. Beynəlxalq münasibətlər sənət qalereyası deyil: burada “ovsunlamaq” deyil, işləmək lazımdır. Əgər Ermənistan reallığa - sənədlərlə, xəritələrlə, hüquqi öhdəliklərlə - qayıtmasa, onda o, gözəl, lakin faydasız bir eksponata çevriləcək: “reallaşmamış imkanlar muzeyi”ndə.
Azərbaycan coğrafiyanı geosiyasətə çevirərkən, Ermənistan diplomatiyanı teatra çevirir. Amma tamaşa artıq başa çatıb. İndi yeni Cənubi Qafqazda rolların bölüşdürülməsi gedir - fasiləsiz və gecikənlər üçün bilet yoxdur.