Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin (IDF) Daxili Cəbhə Kommandanlığı İranın növbəti ballistik raket hücumunun ardından təhlükənin sovuşduğunu, insanların bomba daldanacaqlarını tərk edə biləcəklərini elan edib.
Trend bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
IDF-nin məlumatına əsasən, 40 dəqiqəlik raket hücumu dalğası ərzində İrandan ümumilikdə 15-ə yaxın ballistik raket buraxılıb .
Zərərçəkənlər barədə məlumat daxil olmasa da, bəzi yerlərdə dağıntıların olduğu bildirilir.
xxx
11:38
İsrailin şimal bölgəsində yerləşən yaşayış məntəqələrində İrandan ballistik raket hücumu ilə əlaqədar həyəcan təbili çalınıb.
Trend xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
IDF orduya aid hava hücumlarından müdafiə komplekslərinin təhdidləri havada zərərsizləşdirdiyini bildirir. Həyəcan təbilinin çalındığı yaşayış məntəqələrində mülki əhalinin bomba sığınacaqlarında daldalanmalarına göstəriş verilib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.