Bakı. Trend:
Ötən il ərzində Mərkəz tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin A və B növlərinə uyğun vakant vəzifələrin tutulması üçün müsabiqənin müsahibə mərhələsi üzrə ümumilikdə 7 elan verilib. Bu elanlardan 4-ü A növü üzrə, 3-ü isə B növü üzrə olub.
Trend xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin “23 iyun - dövlət qulluqçularının peşə bayramı günü” məqaləsində yer alıb.
DİM İH-nin sədri vurğulayıb ki, keçən il ərzində müsabiqəyə 194 dövlət orqanı tərəfindən ümumilikdə 1 351 vakant vəzifə təqdim olunub. Təqdim edilmiş vakant vəzifələrin 182-si A növünə, 1169-u isə B növünə aid olub.
Qeyd edilən dövr ərzində Mərkəz tərəfindən ümumilikdə 3 ümumi müsahibə elanı verilib. Elanlar çərçivəsində 135 dövlət orqanında mövcud olan 1 002 vakant inzibati dövlət qulluğu vəzifəsi ümumi müsahibəyə təqdim edilib. Ümumi müsahibəyə təqdim edilən vəzifə sayı keçən ilin göstəricisi (440 vəzifə) ilə müqayisədə 2.3 dəfə (562 vəzifə) artıb. Ən çox vəzifəni Qida Təhlükəsizliyi Agentliyi (105 vəzifə) elana çıxarıb, ən çox müraciət isə İqtisadiyyat Nazirliyi üzrə (189 müraciət) qeydə alınıb.
2024-cü il ərzində 135 dövlət orqanı tərəfindən 1 004 vakant vəzifənin tutulması məqsədilə 13 daxili müsahibə elanı verilib. Daxili müsahibəyə təqdim edilən vəzifə sayı keçən ilin göstəricisi (580 vəzifə) ilə müqayisədə 424 vəzifə (73.10 %) artıb. Ən çox vəzifəni İqtisadiyyat Nazirliyi (71 vəzifə) elana çıxarıb, ən çox müraciət isə Maliyyə Nazirliyi üzrə (243 müraciət) qeydə alınıb.
2024-cü il ərzində dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə ümumilikdə 13 198 müsahibənin keçirilməsi planlaşdırılmışdı. Həmin müsahibələrdən 6 401-nin (48.5 %) keçirilməsi təmin edilib, keçirilməsi nəzərdə tutulan 6797 (51.5 %) müsahibə isə müxtəlif səbəblərdən (namizədin iştirak etməməsi və ya iştirakdan imtina etməsi, müsahibənin təxirə salınması, müsahibənin ləğv edilməsi) baş tutmayıb.
Planlaşdırılan daxili müsahibələrin böyük əksəriyyəti keçirilsə də (78.18 %), müsabiqə üzrə müsahibələrin 3 895-ni (40.23 %) keçirmək mümkün olub. Baş tutmamış müsahibələrin əksər hissəsi (85.13 %) müsabiqənin müsahibə mərhələsi üzrə qeydə alınıb. Müsabiqənin müsahibə mərhələsi üzrə planlaşdırılmış 5b178 (53.49 %) müsahibə namizədlərin iştirakdan imtina etməsi, 531 (5.48 %) müsahibə isə namizədlərin gəlməmələri səbəbindən baş tutmayıb.