Bakı. Trend:
ABŞ və İsrailin İrana hərbi hava hücumları təkcə İran üçün deyil, region, beynəlxalq ictimaiyyət, beynəlxalq qanunlara qarşı öz mənfi nəticələrini gələcəkdə göstərəcək.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi Moskvada İran KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana hücumları hər hansı təhlükənin baş vermədiyi halda həyata keçirilib.
"ABŞ-nin tam ciddi şəkildə həyata keçirdiyi hücumun təcavüzdən başqa adı yoxdur. Qeyri-qanuni təcavüzlə qarşılaşmaq və ona reaksiya vermək İranın tam qanuni müdafiəsidir və İranın haqqıdır".
Araqçi bildirib ki, beynəlxalq qanunların hədələndiyi təhlükəli şəraitdə İran və Rusiyanın məsləhətləşmələri çox böyük əhəmiyyət daşıyır və İran Rusiya ilə mövqelərini koordinasiya etməyə çalışır.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.