Bakı. Trend:
Bakı Yay Enerji Məktəbinin fəaliyyət göstərdiyi dövr ərzində burada minlərlə xarici və azərbaycanlı mütəxəssislər iştirak edib.
Trend xəbər verir ki, bunu ADA universitetinin prorektoru Fariz İsmayılzadə ADA universitetində 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku Summer Energy School – BSES 2025) rəsmi açılış mərasimində deyib.
“Bu il proqramda 15 ölkədən 47 iştirakçımız var. Onların sırasında Azərbaycanla yanaşı, Cənub Qaz Dəhlizi boyunca yerləşən ənənəvi ölkələr – Bolqarıstan, Yunanıstan, Xorvatiya, Qazaxıstan, Türkiyə, İtaliya da var. Habelə daha uzaq ölkələrdən – Çili, ABŞ, Vyetnamdan olan iştirakçılar da qatılıb. Həmçinin, Almaniya, Böyük Britaniya, Pakistan, İspaniya da təmsil olunur – coğrafiya kifayət qədər genişdir. Keçən il isə Nigeriya və Səudiyyə Ərəbistanından nümayəndələr var idi. Yəni iştirakçı tərkibi hər il dəyişir”, – deyə o bildirib.
F.İsmayılzadə vurğulayıb ki, bu proqram 19 il əvvəl istifadəyə verilib və bu müddət ərzində minlərlə xarici və azərbaycanlı orta səviyyəli mütəxəssis onun iştirakçısı olub.
O qeyd edib ki, Xəzər regionunda bərpaolunan enerji mənbələrinin inkişafı, infrastruktur layihələrinin icrası və Mərkəzi Asiya ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində təşəbbüslər fəal şəkildə həyata keçirilir.
“Bizim region təkcə neft və qaz sənayesinin beşiyi deyil – bu barədə proqram çərçivəsində müzakirələr aparılacaq – həm də daim geosiyasi və enerji proseslərinin nəzər nöqtəsində olan bir bölgədir”, – deyə F.İsmayılzadə əlavə edib.