Bakı. Trend:
İran parlamenti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İranın əməkdaşlığını dayandırmaq məqsədilə layihə təsdiqləmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentin plenar iclasında deyib.
Onun sözlərinə görə, bu layihənin təsdiqlənməsi ilə İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı agentliyin peşəkar davranışına dair faktiki zəmanətlər olduğu müddətə qədər dayanacaq.
Qalibaf deyib ki, İranın qeyri-dinc məqsədli heç bir nüvə fəaliyyəti yoxdur. Lakin dünya Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin öz öhdəliklərinin heç birini yerinə yetirmədiyini açıq-aşkar müşahidə etdi. Bu agentlik siyasi vasitəyə çevrilib.
“İran ABŞ-nin İranın nüvə mərkəzlərinə hücumunu dinc məqsədli nüvə texnologiyasını özündə ehtiva edən strateji məkanlara hücum hesab edir. Halbuki həmin mərkəzlər İranı bu sahədə asılılıqdan xilas edən mərkəzlərdir. İran ABŞ-nin nüvə mərkəzlərinə hücumunu beynəlxalq strukturlara hücum hesab edir. Çünki Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qanuni öhdəlikləri bu hücuma mane ola bilməyib. Əksinə iranın dinc məqsədli nüvə fəaliyyətləri haqda gizli məlumatları və reallığın əksinə olan hesabatları qarşı tərəflərə verərək İranın nüvə mərkəzlərinə hücumlara şərait yaradıb”, - deyə o bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava
zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli
hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli
rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə
cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə
ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki
itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.