Bakı. Trend:
İranın nüvə proqramı ilə bağlı İran və ABŞ arasında dolayı müzakirələrdən sui-istifadə edən tərəf İran olmayıb.
Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İsrail reallıqları əksinə nümayiş etdirərək, İrana hücum edib. Davamında isə ABŞ bu hücumlara qoşulub.
“İsrail və ABŞ-nin İrana hücumu qeyri-qanunidir. Bu hücumu bir növ əsaslandırmağa çalışan ölkələr beynəlxalq hüquqda çox təhlükəli bir tendensiya yaradır və beynəlxalq hüquq normalarını zəiflədirlər. Hazırda bu, bir tarixi sınaqdır. Avropa ölkələri sırf öz siyasi mənfəətinə uyğun olaraq açıq-aşkar reallığı görməzlikdən gələ bilərlər. Lakin onun mənfi nəticələri beynəlxalq ictimaiyyətə baha başa gələcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və genişmiqyaslı dağıntılara yol açıb.
Əlavə edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.