Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Mariano Qrossi bu gün agentliyin Rəhbərlər Şurasına ABŞ-nin son aviazərbələri nəticəsində İranın əsas nüvə obyektlərinə ciddi ziyan dəyməsi barədə məlumat verib.
Trend xəbər verir ki, Qrossinin sözlərinə görə, İranın uranın 60%-ə qədər zənginləşdirilməsi üzrə əsas mərkəzi olan Fordo obyektində hərbi sursatların istifadə edildiyini göstərən kraterlər var.
Yeraltı zərərin tam qiymətləndirilməsi hələlik aparılmasa da, istifadə edilən partlayıcı maddələrin xüsusiyyətləri və sentrifuqaların vibrasiyaya yüksək həssaslığı nəzərə alınmaqla, ciddi ziyan gözlənilir.
İsfahan nüvə kompleksi də vurulub, ABŞ rəsmiləri qanadlı raketlərdən istifadəni təsdiqləyiblər. Zədələnmiş strukturlara uranın emalı prosesləri ilə bağlı binalar, həmçinin, zənginləşdirilmiş materialın saxlandığı tunellərə girişlər daxildir.
Natanz obyektində uranın zənginləşdirilməsi zavoduna nüfuzedici təsir göstərən sursatlar vurulub ki, bunu ABŞ mənbələri də təsdiqləyir.
Zərbələrin miqyasına baxmayaraq, Qrossi qeyd edib ki, hər üç məntəqədə obyektlərdən kənarda radiasiya səviyyəsində artım qeydə alınmayıb, bu da radioaktiv çirklənmə təhlükəsini istisna edir.
AEBA vəziyyəti yaxından izləməkdə davam edir və İran hakimiyyətini agentliyin İnsidentləri Araşdırma və Təcili Yardım Mərkəzi ilə əlaqə saxlamağa çağırıb.
Qrossi vurğulayıb ki, AEBA müfəttişləri İran ərazisində işlərini davam etdirir və Tehranla müvafiq razılaşmalar əldə olunan kimi lazımi yoxlamaları həyata keçirməyə hazırdırlar.