Bakı. Trend:
ABŞ-nin İrana etdiyi hərbi hava hücumları BMT əsasnaməsi, beynəlxalq hüquq və qanunlara, daha önəmlisi, Nüvə Silahlarının Yayılmamasına dair Sazişə (NPT) hücum hesab olunur.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi Moskvada İran KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlikdə Nüvə Silahlarının Yayılmamasına dair Saziş çox önəmli mexanizmdir və nüvə silahından imtina edən ölkələri dəstəkləyir.
"Bir ölkənin nüvə obyektləri hücuma məruz qalırsa və bu, qürurla bəyan olunursa, BMT Təhlükəsizlik Şurası, beynəlxalq dairələr, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bu hücumun qarşısının alınmasında, hətta onun qınanmasında acizdirsə, belə bir sual yaranır ki, ümumiyyətlə, Nüvə Silahlarının Yayılmamasına dair Saziş dinc nüvə enerjisindən istifadə etməyə maraq göstərən ölkələrin mənafeyinin qorunmasında hansı rola sahib ola bilər?
Bu baxımdan, ABŞ-nin İranın nüvə obyektlərinə hücumu Nüvə Silahlarının Yayılmamasına dair Sazişi ciddi şəkildə məchul vəziyyətlə üzləşdirir və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələri olacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.