Bakı. Trend:
Avrasiya ölkələrinin Kredit Məlumatı Təchizatçıları Assosiasiyası (ACIPE) Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə açıqdır.
Bu barədə Trend-ə açıqlamasında Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransının kuluarlarında ACIPE-in İdarə Heyətinin sədri Ruslan Omarov bildirib.
"Biz ACIPE platforması vasitəsilə Avrasiya məkanında kredit ekosisteminə daxil olan ölkələrlə aktiv əməkdaşlıq edirik və Azərbaycan burada istisna deyil", – deyə R. Omarov qeyd edib.
Sədr bildirib ki, assosiasiya çərçivəsində əməkdaşlıqla yanaşı, ikitərəfli layihələr də həyata keçirilir:
"Məsələn, Moldova, Qırğızıstan, Monqolustan, Rumıniya və Özbəkistana skorinq həlləri təqdim edirik. Azərbaycanla tərəfdaşlığımız hələ ki, əsasən ACIPE çərçivəsində inkişaf edir və burada xidmət və məhsulların mübadiləsi həyata keçirilir".
Onun sözlərinə görə, ACIPE platforması səviyyəsində xidmət və məhsulların fəal mübadiləsi aparılır və bu əməkdaşlıq həm Azərbaycan, həm də digər iştirakçılar üçün faydalıdır.
"Biz Azərbaycan Kredit Bürosunun təcrübəsinə olan marağı görürük və bu, qarşılıqlı əlaqələrin dərinləşməsinə səbəb olur. Əməkdaşlığın genişləndirilməsinə açığıq və ümid edirik ki, tərəfdaşlıq daha sıx formatlara keçəcək", – ACIPE rəhbəri vurğulayıb.
Omarov sonda qeyd edib ki, assosiasiya region ölkələrinin bütün kredit bürolarını əməkdaşlığa dəvət edir.
"ACIPE əvvəlcə keçmiş Sovet İttifaqı ölkələrinin birliyi kimi yaradılmışdı. Lakin zamanla bizə Monqolustan, Səudiyyə Ərəbistanı, Türkiyə, Rumıniya da qoşuldu. Beləliklə, artıq daha qlobal oyunçuya çevrilirik", – deyə R. Omarov fikrini tamamlayıb.