Bakı. Trend:
Mərakeş İranın Qətərdəki ABŞ aviabazasına raket hücumunu qəti şəkildə pisləyib.
Bu barədə Trend Mərakeş Xarici İşlər Nazirliyinə istinadən xəbər verib.
"Mərakeş qardaş Qətər Dövlətinin suverenliyinə və hava məkanına qarşı raket hücumunu qətiyyətlə pisləyir", - deyə nazirlik bildirib.
Bəyanatda Mərakeş Krallığının Qətərin təhlükəsizliyini və vətəndaşlarının təhlükəsizliyini təhdid edə biləcək hər hansı bir hərəkət qarşısında onunla tam həmrəy olduğu vurğulanıb.
Qeyd edək ki, İran ABŞ-nin Qətər və İraqdakı bazalarına raket zərbələri endirib.
İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı “Qələbə müjdəsi” adlanır.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.
"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatda bildirilib.
Qətərin Müdafiə Nazirliyi İranın Əl-Udeyd aviabazasını hədəf alan raket hücumunun uğurla dəf edildiyini bildirib.
"Allahın köməkliyi və hərbi qulluqçularımızın yüksək hazırlığı sayəsində hücum operativ şəkildə zərərsizləşdirilib. Hadisə nəticəsində itki və xəsarət alan olmayıb", - məlumatda deyilir.