Bakı. Trend:
Donald Tramp administrasiyası ABŞ-nin İranın nüvə obyektlərinə aviazərbələr endirməsindən sonra Tehrandan cavab addımı atacağını gözləyirdi.
Trend xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi bildirib.
"Onların cavab verəcəklərini bilirdik. Süleymani öldürüldükdən sonra da eyni hadisə baş verib", - deyə o, 2020-ci ildə ABŞ-nin zərbəsi nəticəsində iranlı general Qasem Süleymaninin öldürülməsinə stinadən bildirib.
Mənbə bildirib ki, prezident Donald Tramp zərurət yaranarsa, ABŞ-nin regionda hərbi əməliyyatlarını gücləndirməyə hazırdır.
Qeyd edək ki, İran ABŞ-nin Qətər və İraqdakı bazalarına raket zərbələri endirib.
İranın ABŞ hərbi bazalarına qarşı əməliyyatı “Qələbə müjdəsi” adlanır.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qətərdəki bazasına hücumla bağlı bəyanat yayıb.
"Amerika Birləşmiş Ştatlarının cinayətkar rejiminin İran İslam Respublikasının dinc nüvə obyektlərinə qarşı açıq-aşkar hərbi təcavüzü və beynəlxalq hüququn kobud şəkildə pozulmasına cavab olaraq, Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə və “Xatəmül-Ənbiya” Mərkəzi Komandanlıq Qərargahının rəhbərliyi altında İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qətərdəki Əl-Udeyd bazasına güclü raket zərbəsi endirib", - deyə bəyanatda bildirilib.
Qətərin Müdafiə Nazirliyi İranın Əl-Udeyd aviabazasını hədəf alan raket hücumunun uğurla dəf edildiyini bildirib.
"Allahın köməkliyi və hərbi qulluqçularımızın yüksək hazırlığı sayəsində hücum operativ şəkildə zərərsizləşdirilib. Hadisə nəticəsində itki və xəsarət alan olmayıb", - məlumatda deyilir.