Bakı. Trend:
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsi İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının dayandırılması üzrə layihəni təsdiqləyib.
Trend-in məlumatına görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sözçüsü İbrahim Rzayi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyd olunan komitə üzvləri İran hökumətinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığının dayandırılması üzrə layihənin lehinə səs veriblər.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.