...

Daşınmaz abidələrin pasportlaşdırılması üçün vahid qaydalar yaradılır

Cəmiyyət Materials 7 Aprel 2025 12:00 (UTC +04:00)
Daşınmaz abidələrin pasportlaşdırılması üçün vahid qaydalar yaradılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daşınmaz mədəni irs nümunələrinin qorunması və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydalar və pasport forması təsdiq edilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində bildirilib ki, dövlət mühafizəsinə götürülən abidələrlə bağlı zəruri işlərdən biri də onların sənədləşdirilməsi və yaxud pasportlaşdırılmasıdır. Sözügedən abidələrin sənədləşdirilməsi ilə bağlı milli pasport formasının yaradılmasının zəruriliyi nəzərə alınaraq 2012-2013-cü illərdə nümunəvi milli pasport forması hazırlanıb.

Abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirir. Həmçinin “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə əsasən, qoruq idarəsi abidələrin pasportlaşdırılması işlərini həyata keçirməlidir.

Bu hal dövlət mühafizəsinə götürülən abidələrlə bağlı elmi və faktiki məlumatları özündə əks etdirən sənədin - pasportun vahid formada və qaydada deyil, hər bir qurum tərəfindən fərdi qaydalarda hazırlanmasına zəmin yaradır.

Vurğulanıb ki, daşınmaz mədəni irs nümunələrinin qorunmasını və pasportlaşdırılmasını həyata keçirən bütün dövlət orqanları üçün ümumi, vahid qaydaların və bir pasport formasının təsdiq edilməsi vacibdir.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik də məhz Dövlət Siyahısına daxil edilən mədəni sərvətə vahid qaydalar əsasında pasportun verilməsi, abidə pasportunun nümunəvi formasının müəyyən olunması, eləcə də ölkə üzrə pasportlaşma ilə bağlı elektron məlumat bazasının yaradılması üçün hüquqi əsas yaradır.

Təklif olunan dəyişikliyə əsasən, daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və pasportun nümunəvi forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti