Bakı. Trend:
Güzəştli şərtlər ilə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatorları ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə edilməsi məqsədə uyğun olardı.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Deputat xatırladıb ki, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olanların 5 il daha tez pensiyaya çıxırlar.
“Müzakirə etdiyimiz dəyişikliklər ilə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bununla belə, 5 uşağı olan ilə 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki, uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı. Bu halda daha çox daha çox övladı olanlar valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır”, - V.Bayramov qeyd edib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə ona cavabında bildirib ki, bu məsələ həm komitədə, həm Milli Məclisdə, həm də ictimaiyyətdə tez-tez müzakirə mövzusu olur.
“Demoqrafik İnkişaf Haqqında Dövlət Proqramının qəbul olunması barədə düşünməli və hökumətə də təkliflər verməliyik. Azərbaycanda da biz bu prosesi hiss edirik ki, doğum və ölüm nisbəti getdikcə bir-birinə yaxınlaşır. İnsanların təbii artım tempi aşağı düşüb. 10-12 il əvvəl bizdə ildə 150-160 min uşaq doğulurdusa, indi onların sayı təxminən 100-100 min nəfərə enib. Bu tendensiya davam edəcək. Çoxuşaqlı ailə anlayışı üçün 5 və daha çox uşağı olan ailələrdən uşaq sayını azaltmaq olar”, - deyə komitə sədri fikrini yekunlaşdırıb.