Bakı. Trend:
Azərbaycanla daha böyük əməkdaşlıq regionumuz üçün böyük nailiyyət olardı.
Bu sözləri Trend-ə açıqlamasında Macarıstanda fəaliyyət göstərən "Yaşıl Siyasət Mərkəzi"nin həmtəsisçisi Tibor Şkafhoser deyib.
O, əvvəlcə ötən il Bakıda keçirilən COP29 konfransında iştirak etdiyini xatırladıb və "yaşıl enerji" üzrə beynəlxalq danışıqlarda daha çox təcrübə əldə etdiyini bildirib. Müsahib daha sonra Azərbaycanın "yaşıl enerji" potensialından və əməkdaşlıq imkanlarından danışıb:
"Azərbaycan "yaşıl enerji" potensialı, qalıq yanacaqların azaldılması üzrə nümunəvi ölkələrdəndir və bu sahədə geniş əməkdaşlıq potensialına malikdir.
Beləliklə, mən bərpa olunan enerjinin ixracı üzrə Azərbaycanla əməkdaşlıqda çox potensial görürəm. Biz bu gün bəzi müzakirələr apardıq. Dənizdə kabellər vasitəsilə enerji sektoruna töhfələrlə bağlı müəyyən danışıqlar və əməkdaşlıq imkanlarını təqdim etdik.
Bununla bağlı Azərbaycanda böyük potensial görürəm. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyində necə rol oynadığını, yəqin ki, hər kəsə məlumdur. Azərbaycanla daha böyük əməkdaşlıq regionumuz üçün böyük nailiyyət olardı".
"Azərbaycan və Macarıstan arasında maraqlı ola biləcək başqa bir mövzu su anbarları ilə bağlı ola bilər. Çünki Azərbaycanın hidroaktiv elektrik stansiyaları ilə bağlı təcrübəsi çoxdur.
Macarıstanda bizim Azərbaycanın bu təcrübəsindən yararlanmaq planlarımız var", - deyə şirkətin həmtəsisçisi qeyd edib.