...

Mərkəzi Asiya-Avropa İttifaqı əməkdaşlığı Azərbaycanın təqdim etdiyi imkanlar sayəsində yeni mərhələyə yüksəlir

Siyasət Materials 7 Aprel 2025 13:53 (UTC +04:00)
Mərkəzi Asiya-Avropa İttifaqı əməkdaşlığı Azərbaycanın təqdim etdiyi imkanlar sayəsində yeni mərhələyə yüksəlir

Bakı. Trend:

Dünyanın siyasi və iqtisadi həyatında baş verən köklü, eyni zamanda sürətli dəyişikliklər ölkələrin, regionların əlaqələrində də yeni mərhələ açır. Bu kontekstdə Azərbaycanın tranzit əhəmiyyətinin ilk növbədə Avrasiya məkanında yerləşən ölkələr, regionlar üçün əhəmiyyətinin həyati önəm kəsb etməyə başlaması da özünü getdikcə daha qabarıq şəkildə büruzə verir. Bunu Özbəkistanın paytaxtı Səmərqənddə keçirilən ilk Mərkəzi Asiya-Avropa İttifaqı sammiti kontekstində də aydın surətdə görmək mümkündür.

Sammitdə səslənən fikirlər, onun nəticələri bir daha təsdiq edir ki, bu region arasında əlaqələrin dərinləşməsində Azərbaycan körpü rolunu oynayacaq. Elə bu müstəvidə indi Avropa dövlətlərinin böyük əksəriyyətinin xüsusi maraq dairəsində yer alan məsələlərdən biri də Cənubi Qafqazda barış və əməkdaşlıq mühitinin hökm sürməsidir. Bu, Azərbaycanın regiondakı siyasəti ilə tam şəkildə üst-üstə düşür. Hadisələrin inkişaf axarı göstərir ki, qarşıdakı dövr ərzində istər Avropa İttifaqı, istərsə də Mərkəzi Asiya ölkələri Azərbaycanla əməkdaşlığa daha çox ehtiyac duyacaqlar. Çünki tərəflər iqtisadi, siyasi, diplomatik əməkdaşlığın miqyasını genişləndirirlər. Hətta Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinin inkişafına 12 milyard avro həcmində sərmayə qoymağa hazırlaşır. Vəsaitlər ilk növbədə nəqliyyat, enerji, mineral emalı və peyk rabitəsinə yönəldiləcək. Mərkəzi Asiyadan enerji, digər məhsulların idxalında və ya əksinə, Avropa İttifaqı Azərbaycanın tranzit imkanlarından istifadə edəcək.

Qeyd edilməlidir ki, Avropa İttifaqının Mərkəzi Asiyaya hazırkı marağı təkcə onun resursları və nəqliyyat potensialı ilə deyil, həm də dəyişən geosiyasi vəziyyətlə bağlıdır. Xüsusən də ABŞ-ın indiki hakimiyyətinin yeni tariflər siyasəti fonunda Avropa İttifaqı yeni tərəfdaşlara daha çox ehtiyac duymağa başlayıb. Bu fonda Səmərqənddə tarixən ilk dəfə baş tutan Mərkəzi Asiya – Avropa İttifaqı sammitinin vaxtı da təsadüfi deyil. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə baş tutan sammitdə Mərkəzi Asiya ölkələrinin liderlərinin hamısı iştirak edib. Qarşı tərəfi Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen təmsil edib. Tədbir çərçivəsində iki regionun iqtisadi, humanitar və texnoloji inteqrasiyasına yönəlmiş geniş spektrli təşəbbüslər haqqında birgə bəyannamə imzalanıb. Ursula fon der Leyen əməkdaşlığın dörd əsas istiqamətini açıqlayıb: Transxəzər Dəhlizi, nadir mineralların hasilatı, yaşıl enerjinin inkişafı və rəqəmsallaşma. O, bu sahələrdə Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında qarşılıqlı fəaliyyət üçün əhəmiyyətli potensialın olduğunu da vurğulayıb: “Mən “Qlobal Gateway” üçün 12 milyard avroluq investisiya paketini elan etməkdən qürur duyuram. Bu, Avropa İttifaqının və onun üzv ölkələrinin investisiyalarını bir araya gətirəcək”. Yeni paket Mərkəzi Asiyada nəqliyyatın inkişafı üçün bir sıra layihələrə start verəcək. Nəticədə Avropa ilə Mərkəzi Asiya arasında quru yolu daşınmalar xeyli azalacaq. Bu zaman əsas daşınmalar məhz Transxəzər Dəhlizi və ya Orta Dəhliz üzərindən reallaşacaq.

Çin-Qazaxıstan sərhədindən başlayan bu dəhliz 15 gün ərzində daşımaların həyata keçirilməsinə imkan verir. O, ən müasir, multimodal və səmərəli marşrut hesab olunur. Marşrut Çini ilə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir. Son illərdə bu dəhliz üzrə yükdaşımaların həcmi sürətlə artır. Əgər 2021-ci ildə daşınan yüklərin həcmi 560 min ton idisə, 2024-cü ildə bu rəqəm 4,5 milyon tona çatıb. Qarşıdakı 5 ildə daşınan yüklərin miqdarının 10 milyon tonu keçməsi gözlənilir. Dəhlizin tam gücü ilə fəaliyyət göstərə bilməsi üçün zəruri olan infrastruktur və əməliyyat təkmilləşdirmə prosesləri həyata keçirilməli, bütün bunlara müvafiq həcmdə investisiyalar yatırılmalıdır. Avropa İttifaqı artıq belə investor rolunda çıxış etməyə hazırdır. Elə bu kontekstdə xanım Ursula fon der Leyen qeyd edib: “Dünyanın parçalanmasının artması şəraitində Transxəzər Dəhlizi Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək. Amma vacib olan təkcə infrastruktur deyil. Qara dənizə çıxış üçün Mərkəzi Asiya və Cənubi Qafqaz daxilində sərhədlərin sürətli keçidi də lazımdır. Üç onillik bağlandıqdan sonra Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin açılması dönüş nöqtəsi olacaq. Bu, Avropa və Mərkəzi Asiyanı əvvəlkindən daha da yaxınlaşdıracaq”. Bütün bunlar o deməkdir ki, Azərbaycan, eləcə də qardaş Türkiyə Avropa ilə Mərkəzi Asiya arasında daha sıx bağların qurulmasında həlledici rol oynayacaqlar.

Avropa İttifaqının Mərkəzi Asiyada istehsal edilən yaşıl enerji ilə təminatında da yenə Azərbaycan əsas rollardan birininin ifaçısı olacaq. Mərkəzi Asiya yaşıl enerji istehsalında böyük potensiala malikdir və ondan istifadə edilməsi istiqamətində son illərdə regionda genişmiqyaslı işlər görülür. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sözügedən tədbirdə bildirib ki, ölkəsi Mərkəzi Asiya regionundan Avropaya elektrik enerjisinin tədarükü üzrə beynəlxalq layihələri dəstəkləyir. 2030-cu ilə qədər Özbəkistan enerji balansında bərpa olunan enerjinin payını 54 faizə çatdırmağı və 24 min meqavat yaşıl enerji hasil etməyi planlaşdırır. Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev isə qeyd edib ki, Qazaxıstan 175 əmtəə növü üzrə ixracı 2 milyard dollar artırmağa hazırdır. O xatırladıb ki, Qazaxıstan Avropa İttifaqının əsas neft tədarükçülərindən biridir, “Total”, “Eni” və “Svevind” şirkətləri ilə bərpa olunan enerji mənbələri və yaşıl hidrogeni inkişaf etdirir, həmçinin Özbəkistan və Azərbaycanla birlikdə Xəzər dənizi vasitəsilə elektrik ötürücü xətləri tikir. Tacikistan Prezidenti Emoməli Rahmon Avropa İttifaqını ölkənin yaşıl enerji sektoruna sərmayə qoymağa çağıraraq, qurum ilə tərəfdaşlığın inkişaf etdirilməsinin ölkəsinin xarici siyasət prioritetlərindən biri olduğunu qeyd edib. O, bərpa olunan enerji mənbələrinin milli və regional ehtiyaclar üçün əhəmiyyətini vurğulayıb. Qırğızıstan dövlət başçısı Sadır Japarov Avropa bizneslərini respublikanın artan tranzit potensialının, irimiqyaslı hidroenergetika layihələrinin inkişafında fəal iştirak etməyə çağırıb. Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov iqlim dəyişikliyi məsələlərində Aİ ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Qeyd edilməlidir ki, Mərkəzi Asiyanın enerji və digər məhsullarının ixracında Azərbaycanın rolu son illərdə artmaqdadır. Tezliklə buraya yaşıl enerji də əlavə ediləcək. Azərbaycan Avropa ilə yaşıl enerji sahəsində əməkdaşlığını genişləndirir və bu, Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında sözügedən istiqamətdə də əlverişli əməkdaşlıq münasibətlərinin qurulması üçün böyük əhəmiyyət kəsb edir. Avropa İttifaqı 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağa çalışır, bunun üçün onun Azərbaycana, Mərkəzi Asiya ölkələrinə böyük ehtiyacı var. Ümumiyyətlə isə, Azərbaycan bundan sonra da Avropa İttifaqı və Mərkəzi Asiya arasında ticarət və digər iqtisadi əlaqələrin genişlənməsində həlledici subyekt qismində çıxış etməkdə davam edəcək.

MTM Analitik Qrup

Xəbər lenti

Xəbər lenti