Bakı. Trend:
Bütün sahələrdə gender pariteti və bərabərlik mədəniyyəti olmadan inklüzivlik mümkün deyil.
Trend xəbər verir ki, bunu Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan olan vitse-prezidenti, Azərbaycanın Milli Məclisinin deputatı Sevil Mikayılova Özbəkistanın paytaxtı Daşkənddə keçirilən IPU 150-ci Assambleyası çərçivəsində təşkil olunan Qadın Parlamentarilərin Forumunda çıxışı zamanı bildirib. Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova rəhbərlik edir.
IPU-nun Gender Tərəfdaşlığı üzrə Qrupunu təmsil edən Səvil Mikayılova çıxışında Assambleyanın hazırkı sessiyasında nümayəndə heyətlərinin tərkibi üzrə aparılmış monitorinqin nəticələrini bölüşüb. Onun sözlərinə görə, qeydiyyatdan keçmiş nümayəndələrin 37,3 faizi qadınlardan ibarətdir. Bu, Assambleyanın son beş iclası ərzində ən yüksək göstərici olsa belə, 2021-ci ildə Madriddə və 2022-ci ildə Nusa-Duada qeydə alınmış rekord 39 faizlik göstəricidən aşağıdır. Eyni zamanda, yalnız kişilərdən ibarət nümayəndə heyətləri hələ də problem olaraq qalır – bu Assambleyada belə 7 nümayəndə heyəti var. Tamamilə qadınlardan ibarət nümayəndə heyətlərinin sayı isə sabit qalıb – 3 nümayəndə heyəti.
S. Mikayılova IPU-nun təcavüzlə mübarizə siyasətinin həyata keçirilməsində müsbət dəyişiklikləri də qeyd edib:
“Bu problem barədə maarifləndirmə işlərinin artırılması səylərini və IPU tədbirlərində iştirak edən hər kəs üçün təhlükəsiz mühitin yaradılması istiqamətində atılan addımları alqışlayırıq. 2025-ci ilin oktyabrında Cenevrədə keçiriləcək növbəti Assambleyada təcavüz hallarının qarşısının alınması ilə bağlı xüsusi təlimin təşkili təklif olunacaq – bu da təhlükəsizlik və bərabər hüquqlar mövzusunun təşkilatın ümumi mədəniyyətinin bir hissəsinə çevrilməsi yolunda növbəti addımdır”.
Bundan əlavə, deputat bildirib ki, Gender Tərəfdaşlığı üzrə Qrup, ev sahibi ölkələrlə bağlanacaq razılaşmalara IPU-nun təcavüzlə mübarizə siyasətinin qeyd-şərtsiz şəkildə təmin olunmasına dair öhdəlik maddəsinin daxil edilməsini təşəbbüs kimi irəli sürüb. Forum çərçivəsində parlamentlərində qadın deputatların payı 10 faizi aşmayan ölkələrə də xüsusi diqqət yetirilib.
“Gender pariteti təkcə statistik göstərici deyil, bu, demokratiyanın yetkinlik səviyyəsi əks etdirən mühüm meyardır. Qadınların bərabər şəkildə iştirakı olmadan həqiqi inklüziv cəmiyyət qurmaq mümkün deyil”, – deyə S. Mikayılova vurğulayıb.
Xatırladaq ki, IPU-nun 150-ci Assambleyası 2025-ci il aprelin 5-dən 9-dək Daşkənddə keçirilir. Tədbir çərçivəsində IPU-nun bütün nizamnamə orqanlarının, o cümlədən Rəhbər Şuranın, daimi komitələrin, Qadın Parlamentarilər və Gənc Deputatlar forumlarının iclasları təşkil olunub. Ümumi debatların əsas mövzusu parlamentlərin sosial inkişafa və ədalətin təmininə töhfəsi olub ki, bu da Assambleyanı beynəlxalq dialoq və əməkdaşlıq üçün mühüm platformaya çevirir.