Bakı.Trend:
Paytaxtda şəhər mərkəzinə doğru nəqliyyat vasitələrinin ifrat yüklənməsi nəticəsində sıxlıq və tıxacların yaranması təkcə nəqliyyat məsələlərinin həllini deyil, həm də ətraf mühitə və ekoloji standartlara davamlı artan neqativ təsirlərin aradan qaldırılmasını gündəliyə gətirir.
Trend xəbər verir ki, çoxsaylı parametrlər üzrə aparılmış tədqiqatlar göstərir ki, metropoliteni genişləndirmədən paytaxtın mobillik planlarının inkişaf etdirilməsi mümkünsüzdür.
Qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il yanvar ayının 30-da imzaladığı Sərəncamla təsdiq edilən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, görüləcək işlər məhz bu problemlərin həllinə başlanılmasını nəzərdə tutur.
10 yeni stansiyanın inşası ilə yanaşı, metropolitenin mövcud Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsi şəhərin düyünlənmiş problemlərinin həllində xüsusi yer tutur.
Xətlərin ayrılması layihəsinin icrasında birinci dərəcəli vəzifə Yaşıl xəttə xidmət göstərəcək “Dərnəgül” elektrik deposunun inşasıdır.
Deponun baş planı hazırlanaraq, burada inşa olunacaq obyektlər və qurulacaq sahələrin layihələri ekspertiza təsdiqinə təqdim edilib. Qanunvericiliyin tələbinə uyğun olaraq, depo layihəsinə daxil ərazidə ətraf mühitə təsirlərin qiymətləndirilməsi (ƏMTQ) aparılıb və bu isitqamətdə bütün işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmaqla həyata keçiriləcək.
Tikinti, eləcə də bərpa işlərindən əvvəl ərazidə çalışan metropoliten əməkdaşlarına, podratçı və subpodratçılara, onların işçilərinə ətraf mühit üzrə təlimlər təşkil olunacaq.
Tikinti zamanı yaranmış bərk tullantılar qaydalara uyğun utilizasiya ediləcək. Geoloji mühitə və hidrogeoloji şəraitə təsirlər, torpaq eroziyası, çirklənmə və tikinti sahəsində sağlamlıq riski, toz əmələ gəlməsi, hava və səs çirklənməsi, suötürücü şəbəkə və üfüqi drenajın təşkili, suya qənaət xüsusi olaraq diqqətdə saxlanılacaq. İnşaat meydançasında nəqliyyat vasitələri və xüsusi texnikanın hərəkət sürəti normalar daxilində tənzimlənəcək.
Ərazidə qrunt sularının mühəndis-geoloji təsirləri də öyrənilib. “Dərnəgül” eletrik deposu üçün ayrılmış sahədə yeraltı sular yer səthindən orta hesabla 7,5 m dərinlikdə yerləşir. Bu səbəbdən yeraltı suların hidrodinamik rejiminin pozulması gözlənilmir. Tikinti-quraşdırma zamanı və gələcəkdə deponun fəaliyyəti dövründə hidroloji şəraitə təsirlər istisna edilir. Həmçinin yeraltı qrunt sularının çirklənmə risklərini tamamilə azaltmaq məqsədilə yanacaq və kimyəvi maddələrin, təmizlənməmiş kanalizasiya və çirkab sularının, tullantı materialların ən müasir və ekoloji təmiz idarəetmə sistemi yaradılacaq.
İşlərin reqlamenti elə qurulub ki, təbiət hadisələri ilə bağlı mümkün maneələr vaxtında aradan qaldırılacaq. Ərazidə relyefin üst qatının müvəqqəti və daimi bərkitmə prosesləri qısa müddətdə icra olunacaq. Fəal yağıntılar dövrünə qədər torpaq qatında əsas təmizləmə və hamarlamaya ehtiyac olan işlər yekunlaşdırılacaq, külək eroziyasına qarşı nəzarət tədbirlərindən istifadə olunacaq, habelə küləkli hava şəraitində tozun ətraf ərazilərə yayılmasının qarşısı alınacaq.
Yaşıllıq üzrə mütəxəssislər və ETSN əməkdaşları ilə aparılan tədqiqatlarla sahədəki ağacların mövcud durumu, layihənin yaşıllaşdırma dizaynına uyğun ağacların köçürülmə imkanları öyrənilib. Köçürmə prosedurları aidiyyəti üzrə razılaşdırmaqla mərhələli şəkildə həyata keçiriləcək.
Həmçinin ərazidə yaşıllaşdırmaya xüsusi diqqət yetiriləcək. Bu,
depoda çalışacaq işçi heyətinin sağlamlığı, asudə vaxtının səmərəli
təşkili, iş yeri və əməyin təhlükəsizliyi baxımından da əhəmiyyət
kəsb edir.
Görüləcək tədbirlər depo ilə yanaşı, yaşayış, biznes və istehsalat
müəssisələrinin yerləşdiyi bu ərazidə mikromühitin
sağlamlaşdırılması, biomüxtəlifiyin zənginləşdirilməsi və təmiz
ekoloji mühitin formalaşmasına töhfə verəcək.