Bakı. Trend:
Ağdamda və Cəbrayılda iki uşağın yaralanması ilə nəticələnən yeni mina hadisələri xəbəri bizi kədərləndirdi.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.
"Böyük Britaniya 2020-ci ildən ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birgə Azərbaycanda minatəmizləmə sahəsində çalışan cəsur kişi və qadınların işinə, o cümlədən risk təhsilinə və qurbanlara yardıma dəstək verir", - paylaşımda qeyd edilir.
Xatırladaq ki, ötən gün Cəbrayıl və Ağdamda mina partlayışı hadisələri baş verib.
Cəbrayıl rayonunun Mehdili kəndində baş verən hadisədə ANAMA-nın əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışına məruz qalıb. Hadisə nəticəsində Heydər Xankişiyevin sağ ayağının topuq nahiyyəsi amputasiya olunub. O, dərhal rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.
Ağdam rayonunun Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində isə bir ailənin 3 üzvü yaralanıb.