Bakı. Trend:
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi” treninqi və “Hərbi dənizçilik sahəsi üzrə ingilis dilində radioəlaqə” mövzusunda seminar keçirilir.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Milli Müdafiə Universitetinin (MMU) və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim və zabit heyətinin iştirakı ilə keçirilən tədbirlər “Fəal Təlimdə Qiymətləndirmə” modulunun üçüncü mərhələsini əhatə edir.
Tədbirlərin məqsədi iştirakçıların pedaqoji bacarıqlarını, tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini daha da artırmaq və beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
NATO proqramı çərçivəsində keçirilən tədbirlər aprelin 11-dək davam edəcək.