Bakı. Trend:
“MVM Group” “yaşıl” enerji sektoruna mümkün investisiyalarla bağlı Azərbaycanla danışıqlara başlayıb.
Trend xəbər verir ki, bunu bu gün MVM Group baş direktoru Karoli Matray Bakıda, “Daha yaşıl gəlcəəyə doğru innovativ yollar: Bərpaolunan enerji mənbələri və tullantıların azaldılması” mövzusunda ADA universitetində keçirilən tədbirdə etdiyi çıxışda bildirib.
“Biz Azərbaycanın ‘yaşıl’ enerji sektoruna mümkün investisiyalarla bağlı danışıqlara başlamışıq. Hələlik heç bir yekun qərar qəbul edilməyib, lakin ‘yaşıl dəhliz’ təşəbbüsü sayəsində real perspektivlər görürük. Biz bu istiqaməti inkişaf etdiririk, lakin hesab edirik ki, bunun reallaşması üçün bir neçə il vaxt lazım gələcək,” – deyə o bildirib.
Onun sözlərinə görə, “MVM Group” artıq Çexiya ilə əməkdaşlıq edir və Rumıniyada biznes imkanlarını nəzərdən keçirir.
Qeyd edək ki, 30 avqust 2024-cü il tarixində Macarıstanın “MVM Group” şirkəti Qapalı Səhmdar Cəmiyyəti “Cənub Qaz Dəhlizi”ndən (CQD) “Şahdəniz” qaz yatağının işlənməsi layihəsində 5 faiz, habelə Azerbaijan Gas Supply Company Limited (AGSC) şirkətindən Cənubi Qafqaz Boru Kəməri Şirkətində (South Caucasus Pipeline Company) 4 faiz pay əldə edilməsi ilə bağlı sövdələşməni başa çatdırıb.