Bakı. Trend:
Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar bəyanat yayıb.
Trend xəbər verir ki, dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara və media qurumlarına ünvanlanan bəyanatda minaların insanların həyatını təhlükəyə atmaqla yanaşı, ərazilərin sosial-iqtisadi inkişafını, məcburi köçkünlərin doğma yurdlarına geri qayıdışını və davamlı sülhü əngəlləyən əsas amillərdən olduğu vurğulanıb. Bu problemin xüsusilə münaqişədən yeni çıxmış ölkələr üçün böyük əngəllər yaratdığı qeyd edilib.
Bəyanatda 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı mina problemi yarandığı, ərazilərimizin təxminən 1,5 milyon mina və partlamamış hərbi sursatla çirkləndirildiyi bildirilib. Qeyd edilib ki, minalar səbəbindən əksəriyyəti mülki şəxslər olmaqla yüzlərlə insan həyatını itirib və ya ciddi xəsarətlər alıb. Minalar təkcə birbaşa təhlükə yaratmır, həm də kənd təsərrüfatı, tikinti və infrastruktur layihələrinin qarşısını alır, bölgənin dirçəlişini ləngidir. Azərbaycan bu sahədə bütün imkanlarını səfərbər edib, minatəmizləmə əməliyyatlarını sistemli şəkildə həyata keçirən ANAMA-nın fəaliyyətini gücləndirib.
Bundan başqa, bəyanatda Ermənistanın mina xəritələrini təqdim etməkdən imtinasının prosesi son dərəcə çətinləşdirdiyi və yeni itkilərə səbəb olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistan tərəfindən təqdim edilmiş bəzi mina xəritələrinin isə yalnız 25 faizi real əraziləri əks etdirir. Bu, beynəlxalq humanitar hüququn, xüsusilə də Cenevrə Konvensiyalarının ciddi şəkildə pozulmasıdır. Ermənistanın məsuliyyətsiz və qeyri-insani davranışı nəticəsində bölgədə insan tələfatı artır və bərpa prosesi ləngiyir.
Müraciətdə beynəlxalq təşkilatlardan və dünya ictimaiyyətindən Ermənistanın mina xəritələrini tam və dəqiq şəkildə təqdim etməsi üçün təsir mexanizmlərinin tətbiq olunması, minatəmizləmə fəaliyyətinə dəstək göstərilməsi, mina qurbanlarının reabilitasiyası və sosial inteqrasiyası istiqamətində əməkdaşlığın gücləndirilməsi, beynəlxalq hüququ pozan tərəflərə qarşı hüquqi və siyasi addımların atılması tələb olunub.