Bakı. Trend:
Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının sessiyasında təşkilatda islahatların aparılması təklifi ilə çıxış etmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə onun ölkə parlamentində verdiyi bəyanatda deyilir.
“Qısa zamanda Baş Assambleyanın Nyu-Yorkdakı yubiley sessiyasında çıxış etməyi planlaşdırıram. Orada beynəlxalq vəziyyətə Qazaxıstandan olan baxışı təqdim edəcək, o cümlədən, BMT-də islahatların aparılması təklifi ilə çıxış edəcəyəm”, - deyə Tokayev bildirib.
Şanxay Əməkdaşlıq Təşkilatının sammitində təşkilata üzv dövlətlər Birləşmiş Millətlər Təşkilatının müasir siyasi və iqtisadi reallıqlara uyğunlaşdırılması üçün onda islahatların aparılmasının vacibliyinin vurğulandığı birgə bəyannamə imzalayıblar.
Sammit zamanı Tokayev bildirib ki, BMT-nin islahatlardan imtina etməsi dövlətlərin bu beynəlxalq təşkilata olan etimadını sarsıda bilər.