Bakı. Trend:
Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) şərq qoşunları Tayvan adasının ətrafında “Ədalət missiyası 2025” adlı genişmiqyaslı hərbi təlimlərə start verib.
Trend xəbər verir ki, adanın şimal, şərq, cənub, cənub-qərb və cənub-şərq istiqamətlərində keçirilən təlimlərə quru, dəniz, hava və raket qüvvələrinin bölmələri cəlb olunub.
ÇXAO-nun yaydığı məlumatda bildirilib ki, təlimlər zamanı dənizdə və havada döyüş hazırlığının təmin edilməsi, birgə şəkildə hərtərəfli üstünlüyün əldə olunması, əsas liman və ərazilərin blokadası, eləcə də ada zəncirindən kənarda kompleks çəkindiricilik məsələlərinə xüsusi diqqət yetirilir.
ÇXAO-nun Şərq Komandanlığının sözçüsü Şi İ bildirib ki, Tayvan adasına müxtəlif istiqamətlərdən gəmilərin və təyyarələrin yaxınlaşması ilə müxtəlif qoşun növləri birgə əməliyyat imkanlarını yoxlamaq məqsədilə ortaq şərti hücumlar həyata keçirir.
Onun sözlərinə görə, bu təlimlər “Tayvanın müstəqilliyi”ni dəstəkləyən separatçı qüvvələrə və mümkün xarici müdaxilələrə qarşı sərt xəbərdarlıq xarakteri daşıyır.
