Bakı. Trend:
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları “qara bazar”da dəyəri təxminən 20 milyon dollar olan 157 kq çəkidə iri heroin partiyasını müsadirə ediblər.
Trend Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə brifinq zamanı ölkənin daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, dekabrın 30-da keçirilən əməliyyat zamanı İran vətəndaşı saxlanılıb. Saxlanılan şəxs yük avtomobili ilə qonşu ölkədən Gürcüstana 157 kq heroin gətirib. Narkotik vasitələr mərmər lövhələrin içərisində gizlədilib.
Nazir müavini bildirib ki, Daxili İşlər Nazirliyi cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaqı davam etdirir.
Qeyd edilib ki, istintaq Cinayət Məcəlləsinin ömürlük həbs cəzasını nəzərdə tutan maddələri üzrə aparılır.
