...

ABŞ-də “super qrip” kimi tanınan H3N2 ştammı sürətlə yayılır

Dünya xəbərləri Materials 31 Dekabr 2025 18:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də “super qrip” kimi də tanınan A qripi, xüsusilə H3N2 ştammının yeni variantı sürətlə yayılmaqdadır.

Trend-in məlumatına görə, bu barədə “NBC News” məlumat yayıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) açıqlamasına əsasən, 20 dekabr tarixinə olan vəziyyətə görə, qrip halları 32 ştatda “yüksək” və ya “çox yüksək” səviyyədə qeydə alınıb. Bu göstərici bir həftə əvvəl 17 ştat idi. Oktyabr ayından bu yana ən azı 7,5 milyon insan qripə yoluxub.

Son bir həftə ərzində xəstəxanaya yerləşdirilənlərin sayı iki dəfə artaraq 19 053 nəfərə çatıb. Bir həftə əvvəl bu rəqəm 9 944 idi. Qrip nəticəsində təxminən 3 100 nəfər həyatını itirib, uşaq ölümlərinin sayı isə beşə yüksəlib.

Həkimlər bildirirlər ki, qripə yoluxma hallarının ən azı növbəti bir neçə həftə ərzində artacağı gözlənilir, azalmanın isə gələn ilin yanvar ayının sonu və ya fevral ayına qədər baş verməyəcəyi ehtimal olunur.

Qrip hallarının yüksək olduğu yeni ştatlar arasında Kaliforniya, Nevada, Missuri, Arkanzas, Alabama və Florida yer alır. Artıq “çox yüksək” kateqoriyasına daxil olan ştatlar sırasında isə Nyu-York, Nyu-Cersi, Cənubi Karolina, Luiziana və Kolorado var.

Məlumata görə, hazırda dominant olan ştamm A qripi virusudur. Xüsusilə mutasiyaya uğramış və sürətlə yayılan H3N2 ştammı daha ağır xəstəlik törədir ki, bu da xəstəxanaya yerləşdirilmələrin kəskin artmasına səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti